Ayxan Hacızadə: “Avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür”
Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin sayı haqqında yalan xəbərlər yaymaqda davam edir.
1news.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər və monitorinq baş tutmayıb.