Şahin Mustafayev Özbəkistanın Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 24-də Özbəkistan Respublikası Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dostluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirilib, iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Azərbaycanla Özbəkistan arasında ali siyasi dialoqun və sıx təmasların mövcud olduğu məmnunluqla vurğulanıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyun ayında Özbəkistan Respublikasına baş tutmuş dövlət səfərinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan-Özbəkistan əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivlərinə dair müzakirələr aparılıb.
1news.az