Geomaqnit sahə son sutka ərzində aktivləşib
Günəş fəallığı bir qədər aktivləşərək C və M sinif alışmalar qeydə alınıb.
Bu barədə 1news.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.
Bildirilib ki, fevralın 7-də 3213 oblastında M sinif alışmalar baş verib. Son 3 sutka ərzində maksimum alışma səviyyəsi M 6.39 olub. Günəşin səthində 8 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 142-dir. Son 3 sutka ərzində 21 CME (Coronal Mass Ejections – Tac Maddə Atılmaları) qeydə alınmışdır. 3211 oblastında 07 fevral saat 21:30 UTC-də baş vermis C 5.3 sinifli alışma CME səbəb olub. Yerə doğru yönələn Tac Kütlə Atılmaları müşahidə olunmayıb.
Qeyd olunub ki, Günəş küləyinin sürətinin artması mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək sürətli Zərrəciklər Selinin) təsirinin hələ də davam etdiyini göstərir.
Geomaqnit sahə son sutka ərzində bir qədər aktivləşib (4 Kp). 9 fevraldan 11 fevrala qədər Günəş fəallığının bir qədər aktivləşəcəyi gözlənilir.