Millinin fiaskosu, De Byazinin istehzalı açıqlaması və AFFA-nın susması | 1news.az | Xəbərlər
Futbol

Millinin fiaskosu, De Byazinin istehzalı açıqlaması və AFFA-nın susması

13:48 - 29 / 03 / 2023
Millinin fiaskosu, De Byazinin istehzalı açıqlaması və AFFA-nın susması

"Əla oyun göstərdik". Bu sözlər futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byaziyə məxsusdur. O, bu açıqlamanı İsveç yığması ilə oyunda darmadağın (0:5) olunduqdan sonra keçirilən mətbuat konfransında deyib. Üç gün əvvəl isə komandamız Avstriyaya 1:4 hesabı ilə uduzub.

Avro-2024-ün seçmə mərhələsinin ilk 2 oyundan sonra komandamız buraxılan topların sayına görə yalnız Lixtenşteyn (11 qol) yığmasından geri qalır.

Təsnifat mərhələsinin əvvəlində ümumilikdə 1:9 hesablı iki darmadağın çox şeydən xəbər verir. Bizim üçün Avropa çempionatının seçmə mərhələsi az qala başlamamış başa çatdı. Buna biabırçılıqdan başqa ad vermək mümkün deyil. Amma Canni De Byazini və italiyalının milli üçün ən yaxşı variant olduğuna qərar verən AFFA İcraiyyə Komitəsinin üzvlərini, deyəsən, bu qətiyyən maraqlandırmır.

Ardıcıl iki ağır məğlubiyyətə düçar olmuş komandanın məşqçisi əvvəlcə üzr istəməli, özünü komandası gərgin mübarizədə məğlub olubmuş kimi aparmamalı idi.

Avropa çempionatının seçmə mərhələsi başlamazdan əvvəl Azərbaycan yığması ardıcıl beş qələbə qazanmışdı. De Byazi bu barədə İtaliya mətbuatına böyük həvəslə danışırdı. Bəli, Azərbaycan yığmasının hər qələbəsi özü-özlüyündə bir hadisədir. Yığmamız 30 ildir ki, bizi qələbələrə və ən əsası, ardıcıl qələbələrə öyrəşdirməyib. Buna görə də ardıcıl 5 qələbənin əhəmiyyətini azaltmaq istəməzdim. Əlbəttə ki, bu qələbələr əhəmiyyətlidir. Amma hələ bu matçdan əvvəl 1news.az saytı yazmışdı ki, bunda qeyri-adi heç nə yoxdur.

Azərbaycan yığması Millətlər Liqasında Slovakiyanın deyil, Qazaxıstanın birinci yeri tutduğu qrupdan çıxa bilmədi. Millətlər Liqasının oyunları başlamazdan əvvəl De Byazi Slovakiyanın lider olacağını proqnozlaşdıraraq, Azərbaycan yığmasının ikinci yer uğrunda mübarizə aparacağını deyirdi. Bu yanaşma hələ o zaman böyük təəccübə səbəb olmuşdu. Futbolçu heç nə verməyən ikinci yer haqqında düşünüb meydana çıxmamalıdır.

Millətlər Liqasında Belarusa (2:0), Slovakiyaya (2:1) və Qazaxıstana (3:0) qalib gəldik. Daha iki qələbəni isə yoldaşlıq görüşlərində əldə etdik. Komandamız Moldovanı (2:1) və Şimali Makedoniyanı (3:1) məğlub etdi. Millətlər Liqası elə turnirdir ki, Azərbaycanın qrupda birinci olmaqdan başqa hədəfi ola bilməz. Orada komandanın İsveç və Avstriya kimi rəqibləri yoxdur. Baxmayaraq ki, hazırda hər iki komanda çətin günlər yaşayır. Avstriyalılar Azərbaycan yığmasını məğlub etdikdən sonra dünən zəif Estoniya üzərində çətinliklə qələbə qazandı (2:1).

De Byazi iki dəfə Millətlər Liqasında uğursuzluğa düşar oldu. 2022-ci il dünya çempionatının seçmə mərhələsində isə 8 oyunda cəmi 1 xal qazana bildi. Daha sonra komanda 8 görüşdə bir xal qazanıb. Amma AFFA İcraiyyə Komitəsi qərar verdi ki, əslində komandaya heç nə verməyən həmin 5 qələbə italiyalını komandanın sükanı arxasında saxlamağa haqq verir. Bu qərarın fəsadlarını isə təsnifat mərhələnin cəmi 2 oyunu açıq-aşkar nümayiş etdirdi.

Amma De Byazi iki darmadağından sonra deyir ki, əla oynadıq. İtaliyalı ya istehza edir, ya da hesab edir ki, Azərbaycan komandası bundan artığına qadir deyil. Bəs onda o, millinin başında nə iş görür? Bu açıqlamalar AFFA İcraiyyə Komitəsinin qərarının yanlış olduğunu bir daha sübut edir.

Aydın məsələdir ki, Azərbaycan millisi təsnifat mərhələsində qrupdan çıxmaq uğrunda mübarizə aparmağa hazır deyil. Amma onu da qeyd etmək lazımdır ki, bu gün yığmanın kifayət qədər mübariz heyəti var. Hətta bu heyətlə də Avstriya və İsveç milliləri ilə oyunlarda layiqli futbol nümayiş etdirmək mümkündür. De Byazi isə 3 il ərzində Azərbaycan futbolunun “damarını tuta bilmədiyi” göstərdi. Demək olar ki, hər oyunda əsas heyət təəccüb doğurur.

Dünən matçdan sonra o, 2002 və 2003-cü il təvəllüdlü futbolçulara şans verməsi ilə qürrələnib. Söhbət Musa Qurbanlı ilə Cəlal Hüseynovun oyunun 73-cü dəqiqəsində meydana daxil olmasından gedir. Bu açıqlamalar, yumşaq desək, qəribə səslənir. Azərbaycan çempionatının bombardiri olan Musa Qurbanlı həm də Avropanın ən yaxşı gənc bombardirlərindən biridir. Millinin heyətində ondan başqa kim meydana çıxmalıdır ki?

De Byazi hər dəfə mətbuat konfransında FİFA reytinqindən danışır. Bu dəfə də belə oldu. O, İsveç millisinin reytinqdə bizdən 100 pillə öndə qərarlaşdığını vurğulayıb. Nə olsun ki?! Məsələn, dünya reytinqinin 115-ci komandası – Qazaxıstan 18-ci pillədə olan Danimarkanı (3:2) məğlub etdi.

Amma qeyd etmək lazımdır ki, biabırçı məğlubiyyətlərə görə təkcə De Byazi deyil, futbolçular və AFFA da məsuliyyət daşıyır. Futbolçuların millidə bu qədər biabırçı və xaraktersiz çıxış etməyə haqqı yoxdur.

AFFA prezidenti Rövnəq Abdullayevin, baş katib Sərxan Hacıyevin, eləcə də AFFA İcraiyyə Komitəsinin üzvlərinin açıqlamalarını eşitmək istərdik. Məhz bu şəxslər italiyalıya etimad göstərərək, onu millinin sükanı arxasınada saxlamaq barədə qərar qəbul ediblər. Buna görə də onlar da məsuliyyət daşımalıdırlar.

Yığmanın uğursuzluqları o həddə çatıb ki, azərbaycanlı futbolsevərlər sadəcə olaraq ona marağını itiriblər. Yığmanın ev oyunlarında tribunaların boş olduğunu, ajiotajın olmadığını görürük. “Qalatasaray”ın Bakıya gəlişi ilə bağlı ictimaiyyət arasında sözün əsl mənasında partlayışa səbəb olan həyəcan fonunda bu, çox üzücü görünür. Üstəlik, millinin məğlubiyyətləri adi hala çevrilib. Sosial şəbəkələrdəki reaksiyalar bunun əyani göstəricisidir. Bu baxımdan yalnız AFFA-nın trol ordusu aktivlik nümayiş etdirirdi.

Sarsıdıcı məğlubiyyətlərlə bağlı qızğın müzakirələrin və böyük narazılığın olmaması bir daha yığma komandaya marağın olmamasından xəbər verir. Bu cür futbol kimə lazımdır? Bəs assosiasiya mövcud vəziyyətdən razıdırmı?

Böhrandan necə çıxmaq olar, problemin həlli yolları varmı? Əlbəttə ki, asan həll yoxdur. Amma etiraf etmək lazımdır ki, AFFA-nın fəaliyyətində idman komponenti uğursuzdur. Həm milli komandanın, həm də aşağı yaş qruplarından ibarət komandaların nəticələri bunu təsdiqləyir.

Uşaq və gənclər futbolundakı problemlərdən kimlər danışmayıb ki?! Bəli, AFFA müəyyən infrastruktur yaratmağa, bir neçə stadion tikməyə nail olub. Amma onların sayı çox azdır. Uşaq və gənclər liqalarında oyunların hansı şəraitdə və hansı meydançalarda keçirilməsi ölkədə meydança çatışmazlığının faciəvi səviyyədə olduğunu açıq şəkildə göstərir.

İsveçlə oyunda ilk 11-likdə meydana çıxan futbolçudan yalnız 4-ü Azərbaycan futbolunun yetirməsidir. Milli komanda uzun müddətdir ki, milliləşdirilmiş legionerlər (Riçard Almeyda, Anton Krivatsyuk, Aleksey İsaev, Höccət Haqverdi), eləcə də başqa ölkələrdə futbolçu kimi formalaşmış azərbaycanlılar (Emin Mahmudov, Ramil Şeydayev, Renat Dadaşov) hesabına qurulur.

Digər tərəfdən, azərbaycanlı futbolçular inkişaf etmir, məsələn, gürcü futbolçular kimi daha güclü çempionatlara getməyə can atmırlar.

Problemlər çoxdur, millinin ağır məğlubiyyəti isə onları bir daha üzə çıxardı. Azərbaycan futbolunun idarəetmə sistemi işləmir. Suallar çoxdur, AFFA funksionerləri isə susurlar.

Teymur Maksutov

Paylaş:
2121

Son xəbərlər

Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11
Bütün xəbərlər