Həm gülməli, həm də ağlamalı: AFFA İcraiyyə Komitəsinin üzvləri “İctimai TV”də yayımlanan verilişində iştirakdan yayınırlar
“İctimai TV”də yayımlanan “Sabaha saxlamayaq” verilişinin 28 mart tarixli buraxılışı Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsindəki çıxışına həsr olunub.
Maraqlıdır ki, verilişdə bir nəfər də olsun AFFA nümayəndəsi iştirak etməyib. Verilişin aparıcıları AFFA nümayəndələri ilə əlaqə saxladıqlarını, lakin onlar ölkəyə yeni döndüklərini əsas gətirərək müzakirələrdə iştirak edə bilməyəcəklərini bildiriblər. Bundan başqa, aparıcılar ertəsi gün AFFA nümayəndələrinin iştirakı ilə müzakirələri davam etdirməyə və ya videobağlantı təşkil etməyə hazır olduqlarını vurğulayıblar. Lakin bütün cəhdlər boşa çıxıb.
Verilişin aparıcılarından olan Ürfan Məmmədli “Facebook” səhifəsində yazıb ki, ertəsi gün AFFA nümayəndəsi onunla əlaqə saxlayıb və baş katib Sərxan Hacıyevin və digər rəsmi nümayəndələrin verilişin qonağı olmağa hazır olduqlarını, lakin bunun yalnız aprelin 10-u mümkün olacağını bildirib.
Bu arada Ürfan Məmmədli Azərbaycan futbolunda verilən bütün taleyüklü qərarlara görə məsuliyyət daşıyan AFFA İcraiyyə Komitəsinin bir neçə üzvü ilə əlaqə saxladığını, lakin imtina cavabı aldığını bildirib.
Belə ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov "müzakirəyə futbolu dərindən bilən şəxsləri” dəvət etməyi məsləhət görüb. Elmar Məmmədyarov səmimi cavab verib. Həqiqətən də, Azərbaycan millisinin uğursuzluğuna və AFFA-nın siyasətinə görə Elmar Məmmədyarovun hesabat verməsi çox qəribə olardı. Bu halda belə bir sual yaranır. Qeyd etdiyimiz kimi, Azərbaycan futbolu ilə bağlı ən mühüm qərarları qəbul etmək səlahiyyətinə malik olan AFFA İcraiyyə Komitəsi assosiasiyanın ən mühüm orqanıdır. Bəs Elmar Məmmədyarovun orada nə işi var?
Olimpiya çempionu Fərid Mansurov gənclər arasında güləş üzrə Azərbaycan çempionatı ilə bağlı məşğul olduğuna görə müzakirələrdə iştirakdan imtina edib.
Zaur Axundov və Rauf Əliyev ölkədə deyillər.
Vitse-prezident Vaqif Sadıqov hərarəti olduğunu, lakin müzakirələrdə iştirak etməyi çox istədiyini bildirib.
Futbolumuzun veteranı Kazbek Tuayev isə üzrxahlıq edib və rusdilli olduğu üçün müzakirələrə qatıla bilməyəcəyini deyib.
Bununla da, AFFA İcraiyyə Komitəsinin üzvləri xoşagəlməz müzakirələrdə iştirakdan yayınıblar.
Teymur Maksudov