Tural İsmayılov: “Azərbaycan Prezidenti humanizmi ilə bütün liderlərə örnəkdir”
“Azərbaycanda önəmli günlərdə cənab Prezident tərəfindən dəfələrlə Əfv Sərəncamları imzalanıb”.
Bu fikirləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov qeyd edib.
“ Bu qərarlar Azərbaycanda dövlət başçısı səviyyəsində humanizm siyasətinin davam etdirilməsidir. Azərbaycan daim belə humanist qərarlarla örnək olub. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Dövlətin belə məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək ölkənin layiqli vətəndaşı olmağa sövq edir, eyni zamanda ölkədə dövlət-xalq tandemini daha da qüvvətləndirir”.
“Bu, dövlətimizin, Prezidentimizin humanistliyinin numunesi, ölkəmizdə insana verilən dəyərin təzahürüdür” – deyə, T.İsmayılov əlavə edib:
“Həmçinin bu Əfv Sərəncamı öz böyüklüyünə görə digərlərindən fərqlənir. Sərəncam Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir. Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir. İctimai rəydə ölkə başçısının bu humanizmi xüsusi dəyərə malikdir. Sərəncam bir çox ailənin böyük sevincinə səbəb olur, insanların dövlətimizə inamı daha da çoxalır”.
O, bildirib ki, Prezidentin və birinci vitse-prezidentin təşəbbüsü ilə dəfələrlə əfv Sərəncamları verilmiş, amnistiya Aktları qəbul olunub.
“Bəzən il ərzində bir neçə dəfə əfv sərəncamları olur. Ötən illər ərzində minlərlə məhbus azadlığa çıxıb. Dövlət başçısı azadlıqdan məhrum edilən və cəzasının böyük hissəsini çəkmiş insanları azadlığa buraxmaqla onlara ailələrinə qovuşmaq və etdikləri səhvdən nəticə çıxarmaq üçün şans verir. Əfv olunanlar dövlətin onlara inam və etibarını üzərlərində hiss edirlər ki, bu da onlara layiqli vətəndaş olmaq üçün stimul verir.
Bundan əvvəl də azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və əlamətdar bayram ərəfəsində əfv olunmalarına görə dövlətimizin başçısı İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əfv olunan məhbusların ailələri Azərbaycandakı humanizmi yüksək dəyərləndirirlər. Həmçinin bu Sərəncam dünyada hələ də ölüm hökmlərinin qaldığı bir çox ölkəyə də örnək olmalıdır.
Sərəncam bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, xoşbəxtliyi dayanır, insanlara növbəti şans verilir. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Belə ki, bu dəfə əvvəlkilərindən daha çox - 801 məhkum əfv edilib. Onlardan 463 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad olunub. Bütün bunlar dünyada yeni bir Azərbaycan modelini yaradır”.