DYP Qurban bayramı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Qurban bayramı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.
1news.az müraciəti təqdim edir:
"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı münasibəti ilə hərəkət iştirakçılarını təbrik edir, bayram günlərinin xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Bayramla əlaqədar qeyri-iş günləri şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir" - deyə, BDYPİ-nin müraciətində qeyd olunur.