Mingəçevirdə “Kürü keçək” adlı üzgüçülük yarışı keçirilib, qaliblər mükafatlandırılıb
Mingəçevirdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışı keçirilib.
1news.az AZƏRTAC-a xəbər verir ki, Kür çayının iki sahili arasında təşkil olunmuş yarış başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təqdim edib.
Yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı peşəkar və həvəskar üzgüçülər iştirak ediblər. İdmançılar yarış zamanı 300 metr məsafəni qət ediblər.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı ötən il əvvəlcə dənizdə (“Xəzər dalğası”), ardınca isə Kür çayında (“Kürü keçək”) gerçəkləşib. Yarış su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilib.