Bakıda MDB Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası keçirilib
Oktyabrın 17-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası Bakı şəhərində keçirilib.
1news.az xəbər verir ki, iclasda MDB üzv dövlətlərinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətləri üzrə nümayəndə heyətləri iştirak ediblər. 30-cu iclas Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilib.
Tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra açılış nitqi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxış edib. O, Azərbaycanın rəhbərliyi adından iclas iştirakçılarını salamlayıb, onlara uğurlar arzu edib.
İclas iştirakçıları hökumət, qapalı və xüsusi rabitə sistemləri, eləcə də şifrələmə vasitələri üzrə əldə edilmiş təcrübə, elmi-texniki nailiyyətlərin tətbiqi, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, müvafiq ixtisaslı kadrların hazırlanması və digər məsələləri müzakirə ediblər.
Koordinasiya Şurasının 30-cu iclası zamanı səsvermə əsasında sözügedən Şuranın sədrinin müavini və aparatının sədri seçilib, iclasın yekunlarına dair protokol imzalanıb.