“Azərbaycan COP29-a ev sahibliyi etməklə dünyanın diqqət mərkəzində olacaq” - Elman Cəfərli | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan COP29-a ev sahibliyi etməklə dünyanın diqqət mərkəzində olacaq” - Elman Cəfərli

Ayşən İsmayılova11:10 - 13 / 12 / 2023
“Azərbaycan COP29-a ev sahibliyi etməklə dünyanın diqqət mərkəzində olacaq” - Elman Cəfərli

Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.

Bəs COP29-un gələn il Azərbaycanda keçirilməsinin əhəmiyyəti nədir? Ölkəmiz son illər qlobal iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı nələr edə bilib?

Məsələ ilə bağlı 1news.az-a danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İcimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməkdir”.

“Öncə qeyd edim ki, bu qərar Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə dəstək verməsi ilə əlaqədardır” - deyə, E.Cəfərli əlavə edib:

“1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub”.

Bu cür nüfuzlu tədbirlərə ev sahibliyinin Bakıya tapşırılması onu göstərir ki, yaşıl enerjini təşviq edən, istixana qazı emissiyalarını azaldan və xarici siyasətdə ölkənin dayanıqlı inkişaf yollarına diqqət çəkən Azərbaycan qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Onu da deyim ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35% azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilmişdir ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40% azaldılmasından ibarətdir. İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ torpaqları “Yaşıl enerji” zonası elan edilib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur”.

Paylaş:
1143

Son xəbərlər

Bütün xəbərlər