Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO - YENİLƏNİB

Qafar Ağayev13:41 - 23 / 05 / 2024
Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.

1news.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Emoməli Şaripoviç.

Hörmətli qonaqlar.

Sizi Azərbaycan torpağında salamlamağıma şadam. Çox şadam ki, Siz mənim dəvətimi qəbul etdiniz və Azərbaycana dövlət səfərinə gəldiniz. Görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz Tacikistanda, Azərbaycanda tez-tez görüşürük. Mən ötən il bir neçə dəfə ölkənizə səfər etmişəm, həmçinin Sizin dəvətinizlə Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə toplantısında iştirak etmişəm. Siz, həmçinin ötən il Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Zirvə toplantısı çərçivəsində ölkəmizdə səfərdə oldunuz. Beləliklə, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır və bu gün biz Sizinlə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik. Aydındır ki, dövlət səfərinin xüsusi statusu var və bu, münasibətlərimizin bugünkü yüksək səviyyəsinin təzahürüdür. Həmçinin münasibətlərin inkişafında mühüm mərhələlərdən biri bu gün imzalayacağımız, bununla da münasibətlərimizin səviyyəsini rəsmi şəkildə yüksəldəcəyimiz Strateji Tərəfdaşlıq Bəyannaməsidir. Hərçənd, qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik.

Bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. Bildiyiniz kimi, Sizin səfərinizdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb. Bu gün nümayəndə heyətlərinin üzvləri ilə müzakirələr çərçivəsində əlaqələrimizə daha çox məzmun əlavə etmək üçün bu gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Çünki ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik. Düşünürəm ki, bizim bu gün Sizinlə, sonra nümayəndə heyətlərinin üzvləri ilə artıq razılığa gəldiyimiz və müzakirə edəcəyimiz məsələlər ticarət dövriyyəsinin artmasına kömək edəcək. Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.

Gündəliyimiz kifayət qədər genişdir. Təkcə nümayəndə heyətlərinin tərkibi bizim hansı istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət göstərdiyimizdən xəbər verir. Əminəm ki, nəticələr də çox yaxşı olacaq və səfər faydalı, həmçinin xoş keçəcək.

Bir daha xoş gəlmisiniz.

x x x

Prezident Emoməli Rəhmon deyib:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.

Əziz dostlar.

İlk növbədə, hörmətli İlham Heydər oğlu, yüksək diqqətinizə və səmimi qonaqpərvərliyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istəyirəm. Şadam ki, biz qarşılıqlı səfərlər ənənəsini yüksək səviyyədə davam etdiririk. Əminəm ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir.

Bu gün biz dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən tarixi qərar qəbul edəcəyik. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun əsrlərdən bəri davam edən ənənələrinin ruhuna uyğundur. Bu qərarlar müstəqilliyimizin bütün dövründə qarşılıqlı fəaliyyətimizin irəliləməsində əldə olunan uğurları daha da möhkəmləndirir. Bu baxımdan qeyd etmək istərdim ki, bu prosesin başlanğıcını Azərbaycan xalqının Ümummilli Lideri, çox hörmətli Heydər Əlirza oğlu Əliyev qoyub. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar qardaş xalqlarımızın dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcək. Sizə təşəkkür edirəm.

***

12:49

Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb.

1news.az xəbər verir ki, mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başlayıb.

Paylaş:
412

Son xəbərlər

Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04
Bütün xəbərlər