Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”

16:32 - 09 / 11 / 2024
Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyası - COP29 hazırlığı ən yüksək səviyyədə reallaşıb".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, ölkəmiz dünyanı qarşılamağa tam hazırdır.

"Təsadüfi deyil ki, ötən ilin sonu, tədbirin keçirilməsinə 11 ay vaxt qalmış məhz ilk müşavirə Cənab Prezidentin sədrliyi ilə keçirildi. Dərhal bütün hazırlıq işlərinə start verildi, dövlət başçımız bütün lazımi tapşırıqları verdi. Mürəkkəb və yüksək texnologiyalara əsaslanan proses olmasına baxmayaraq, bütün işlər dayanıqlılıq, əlçatanlıq və inklüzivlik prinsipləri nəzərə alınmaqla həyata keçirilib. COP İqlim Sammitinin tarixində ilk dəfə olaraq, Əməliyyat Şirkəti tərəfindən həm texniki, həm də iştirakla bağlı məsələlərə dəstək verilməsi məqsədilə yaradılan xüsusi mərkəz BMT tərəfindən də təqdir olunur. Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb".

O, bildirib ki, Beynəlxalq ekspertlər Azərbaycanı bundan əvvəlki ev sahiblərindən fərqləndirir.

"Belə ki, ölkəmizin iqlim dəyişikliyi üzrə qərarların veriləcəyi COP29-a hazırlaşmaq üçün bir ildən az zamanı olmasına diqqət çəkirlər. Vaxtın azlığına baxmayaraq, Azərbaycan ev sahibi kimi bütün parametrlər üzrə hazırlıq prosesində mühüm irəliləyişlər əldə edib. Konfrans ərəfəsində uğurlu nəticələrin əldə olunması məqsədilə təşkil olunan tədbirlərlər də yüksək səviyyədə keçirilib.

Məlum olduğu kimi, COP29 Prezidentliyi Bakı Qlobal İqlim Şəffaflığı Platformasını təqdim edib və üzərinə ikiillik şəffaflıq hesabatının hazırlanması üzrə digər tərəflərə nümunə olmaq öhdəliyini götürüb. Əss prioritetlər - 1,5 dərəcəlik hədəfə çatmaq, qlobal istiləşməni məhdudlaşdırmaq, investisiya planlarının təşviqindən asılı olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olmaqdır.

Azərbaycanın verdiyi əsas mesaj bundan ibarətdir ki, faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar.

Noyabrın 11-də start götürəcək sessiyada bütün tərəflərdən perspektiv həll variantlarına dair təkliflər gözlənilir. Çünki burada məsuliyyət və uğur yalnız ev sahibindən asılı deyil. Təxminən 2 həftə ərzində Bakıda iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə ayrılacaq maliyyənin həcminin artırılması yolları, adaptasiya, İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətinin davam etdirilməsi kimi vacib məsələlərlə bağlı müzakirələr aparılacaq. Yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti diqqət mərkəzində olacaq. Dünya ictimaiyyəti Bakı COP-a “100 milyard dollarlıq” Yeni Kollektiv Kəmiyyət Hədəfinə nail olunması istiqamətində əlverişli iqlim sammiti kimi baxır.

Ümumiyyətlə, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün böyük məsuliyyətdir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq.

Əminliklə söyləmək olar ki, Azərbaycanın ev sahibliyi etdiyi, nəhəng və çoxtərəfli proses olan COP29 özündən sonrakı anoloji platformalar üçün uğurlu təcrübə kimi tarixə düşəcək" - deputat əlavə edib.

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər