Bakıda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib

Qafar Ağayev14:02 - Bu gün
Bakıda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib

Yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib.

1news.az xəbər verir ki, Hökumət başçıları əvvəlcə təkbətək görüş keçirərək ikitərəfli gündəliyin aktual məsələlərini nəzərdən keçirdilər.

Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə birgə hökumətlərarası komissiyanın iclası keçirildi.

Ə.Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə İ.Kobaxidzeni təbrik etdi.

Ə.Əsədov Gürcüstanla əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olduğunu bildirdi.

Vurğulandı ki, ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

İki ölkə arasında fəal siyasi dialoq təqdir edildi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olundu. Ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstək xüsusi vurğulandı.

Bildirildi ki, Azərbaycan və Gürcüstan ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verirlər. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulandı.

İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamika nümayiş etdirdiyi qeyd olunaraq Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkə olduğu diqqətə çatdırıldı.

Qarşılıqlı investisiyaların həcminin artırılması ilə bağlı gündəlikdə duran məsələlər nəzərdən keçirildi.

Neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı. SOCAR tərəfindən Gürcüstanda həyata keçirilən layihələr barədə söhbət açıldı, gündəlikdə duran yeni perspektivli layihələrə toxunuldu.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqa layihələr uğurlu regional əməkdaşlıq nümunəsi kimi dəyərləndirildi.

Bu layihələrin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdiyi diqqətə çatdırıldı.

Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında iki ölkənin önəmli rolu qeyd olundu.

Eyni zamanda Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınmağa başlanılmasından məmnunluq ifadə olundu.

Nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi dəyərləndirildi.

Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylərin əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılmışdır.

Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 mln tondan 25 mln tona qədər artırılması istiqamətində fəal işin aparıldığı bildirildi.

Kənd təsərrüfatının müxtəlif istiqamətlərində, o cümlədən kənd təsərrüfatı və emalı məhsulları üzrə qarşılıqlı ticarət, bitki mühafizəsi, baytarlıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan və təcrübə mübadiləsindən məmnunluq ifadə olundu.

Mədəni-humanitar sahədə əməkdaşlığın uğurlu nəticələri təqdir edildi. 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasiminin keçirilməsinin əhəmiyyətinə toxunuldu.

Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə olundu.

İclasda Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olundu, nümayəndə heyətlərinin üzvləri gündəlikdə duran məsələlərə dair çıxış etdilər.

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzaladılar.

Həmçinin Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalandı.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər