Nigar Məmmədova: “2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə paralellik aparmaq absurddur”
Ötən ilin dekabrında Bakı-Qroznı istiqaməti üzrə hərəkət edən və Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus mülki təyyarə ilə bağlı Azərbaycan öz şərtlərinin yerinə yetirilməsini gözləyir.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Hava gəmisinin Qroznı üzərində "Pantsir S-1" HHM sistemi tərəfindən vurulduğu təsdiqlənib. Hətta mülki təyyarəyə atəş açan və həmçinin bu əmri verən şəxsin kimliyinin müəyyən edilməsi barədə də məlumatlar var. Bütün həqiqət ortada olduğu halda təəssüf ki, bu ölkənin KİV-ləri RF Prezident Administrasiyasından aldıqları komandaya uyğun olaraq ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirir. 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması arasında paralellik aparmaq absurddur.
İlk növbədə ona görə ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli Bəyanatı 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanıb. Belə olan halda Rusiyaya məxsus helikopterin noyabrın 9-u, saat 18:30-da sərhədin Naxçıvan hissəsində aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirməsinin məqsədi nə idi? Üstəlik, nəzərə alsaq ki, həmin vaxt Rusiya sülhməramlıları hələ Qarabağda yerləşdirilməmişdi. Bununla belə, Azərbaycan tərəfi baş vermiş hadisə ilə bağlı manipulyasiyaya yol vermədi. Prezident İlham Əliyev rusiyalı həmkarına zəng edib üzrxahlıq etdi, helikopterin tam qiyməti ödənildi, həlak olan hərbçilərin ailələrinə kompensasiya ödənildi.
Digər bir uğursuz analogiya 2023-cü il antiterror əməliyyatı zamanı Qarabağda rusiyalı sülhməramlıların ölümü ilə bağlıdır. Rusiya KİV-lərinin bu hadisə ilə bağlı Azərbaycanı ittiham etməsi üçün heç bir əsası yoxdur. Məsələ burasındadır ki, antiterror əməliyyatı başlanan zaman Azərbaycan tərəfi sülhməramlıları əvvəlcədən xəbərdar etmişdi. Bununla belə, bir neçə hərbçi bəlli olmayan səbəbdən öz avtomobili ilə döyüş ərazisinə hərəkət edərək, hadisənin baş verməsinə zəmin yaratmışdı. Buna baxmayaraq, yenə Azərbaycan tərəfdən üzrxahlıq olundu, cinayət işi qaldırıldı.
Qəzanın təfərrüatlarından aydın olur ki, təyyarədəki insanların ölümü üçün hər şey edilib. Eyni zamanda “kavyor əməliyyatı”nın detallarının da aydınlaşdırılmasına ehtiyac var. Təbii ki, Bakı Moskvanın davranışından narazıdır və Rusiya tərəfinin qeyri-dost addımları anlaşılan deyil. Rusiya KİV-ləri bu qəzanın əsas mahiyyətini ört-basdır etməkdən, əsassız versiyaları qabartmaqdan çəkinməlidir.
Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, Rusiya tərəfi etiraf və üzrxahlıq etməli, kompensasiya ödəməli və günahkarlar cəzalandırılmalıdır.