Qəzzada Netanyahu ilə istirahət, əyləncə, dollar yağışı və qaçan uşaq - Trampdan qalmaqallı PAYLAŞIM

ABŞ Prezidenti Donald Trampın “Truth Social” hesabında paylaşdığı qalmaqallı süni intellekt videosu müzakirələrə səbəb oldu.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Trampın videoda özünü və İsrailin baş naziri Binyamin Netanyahunu Qəzzada istirahət edərkən göstərməsi sosial mediada böyük reaksiya doğurdu.
Fələstinli uşaqlar dağıntılardan qaçır
Videonun əvvəlində uşaqların dağıntılar içində silahlı şəxslərdən qaçdığı görüntülər yer alır. Ekranda ABŞ bayrağının rənglərində “Növbəti nədir?” yazısı görünür.
Sonrakı səhnələrdə isə Qəzza sanki lüks bir turistik şəhərə çevrilmiş kimi təsvir edilir.
Tramp rəqqasələrlə rəqs edir
Videoda lüks avtomobillərin və göydələnlərin yer aldığı küçə mənzərələri var. Burada Trampın qızıldan heykəlləri də görünür. Bir hissədə isə Tramp rəqqasələrlə rəqs edir.
Mask pul saçır və Tramp Netanyahu ilə istirahət edir
Videoda həmçinin “Tesla” və “SpaceX”ın rəhbəri İlon Maskın milli yeməklər yediyi və ətrafa pul səpdiyi görüntülənir. Sonda isə Tramp və Netanyahunun yan-yana uzandığı səhnələr yer alır.
Tramp tərəfdarlarından etiraz
Paylaşıma Tramp tərəfdarları da daxil olmaqla bir çox sosial media istifadəçisi “Instaqram”da reaksiya verib.
Tramp tərəfdarı olduğunu göstərən və "Amerikanı yenidən böyük edək" şüarını şərhində yazan bir istifadəçi bildirib:
"Tramp, sənə daha yaxşı iqtisadiyyat, daha yaxşı qanunlar və ölkəmizə sahib çıxmaq üçün səs verdim. Millətimizin gələcəyinə fokuslan, digər ölkələrə maneələr yaratma"
Başqa bir istifadəçi isə "Bu süni intellekt mənasızlığı nədir? Vergilərimin başqa bir ölkənin dağıdılması üçün xərclənməsini istəmirəm" şərhini yazıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə qəbul etdiyi İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında ABŞ-ın Qəzza zolağını nəzarətə götürəcəyini bildirmişdi.
Tramp, Qəzzanın artıq tamamilə dağıntıya çevrildiyini qeyd edərək, oradakı fələstinlilərin əsasən Misir və İordaniya da daxil olmaqla qonşu ölkələrdə inşa ediləcək yeni yaşayış məntəqələrinə köçməsinin daha yaxşı olacağını müdafiə etmişdi.
O, həmçinin fələstinlilərin Qəzzanı tərk etməkdən başqa seçimlərinin olmadığını iddia etmişdi.


