Matros xanım: ““Qadın dənizdə işləməz” kimi stereotiplərin əsassız olduğunu öz təcrübəmdən gördüm” - MÜSAHİBƏ

Qadınlar, hər dövrdə cəmiyyətin ən mühüm və güclü təməl daşı olublar.
Onlar yalnız ailə həyatının dayaq sütunu olmaqla qalmır, həm də təhsil, iş həyatında, siyasətdə və mədəniyyətin inkişafında müstəsna rol oynayırlar.
Ölkəmizdə də qadınların bütün sahələrdə əngəlsiz fəaliyyət göstəməsi üçün şərait yaradılıb.
Bu gün Azərbaycanda müxtəlif sahələrdə önə çıxan xanımları görmək mümkündür. Onlar işlərində uğurlu olaraq başqaları üçün örnək olurlar.
1news.az-ın müsahibi - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmisində işləyən Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) ilk xanım məzunu, hazırda RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin matrosu Nuranə Əkbərova da belə xanımlardan biridir.
O, ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi bir sahədə - gəmiçilik sahəsində böyük həvəslə fəaliyyət göstərir.
Müsahibəni təqdim edirik:
- Nuranə xanım, necə oldu ki, kişilərin üstünlük təşkil etdiyi bir peşəni seçmək qərarına gəldiniz?
- İlk növbədə qeyd etmək istəyirəm ki, mənim üçün heç bir peşədə kişi və qadın ayrımı yoxdur. Düzdür, dənizçilik asan sahə deyil və bir çox çətinlikləri var. Lakin mən bir qadın olaraq bu çətinlikləri bilərək bu peşəni seçmişəm və inanıram ki, onların öhdəsindən uğurla gələ bilərəm. Həyatda asan iş yoxdur, sadəcə o işin öhdəsindən gələ biləcək insanlar var. Mən isə hər bir çətinliyin öhdəsindən gələ biləcəyimə inanıram. Dənizçilik uşaqlıq arzum olub və nəhayət ki, bu arzuya çatdım. Bu sahədə istədiyim yüksək məqama çatana qədər peşəmi qürurla davam etdirəcəyəm.
- Ən yüksək məqam deyərkən, nəyi nəzərdə tutursunuz? Gələcəkdə özünüzü harada görürsünüz?
- ASCO-nun gəmilərində ilk xanım matros olaraq işə başladım. Bundan sonrakı hədəfim gəmidə kapitan olmaqdır. Dənizçilik peşəsində yoluma davam etməyi və hər gün daha yüksək zirvələrə çatmağı hədəfləyirəm.
- Gəmidə işləməyin maraqlı tərəfləri olduğu kimi, çətin tərəflərinin də olduğunu dediniz. Bu çətinliklər nələrdir?
- Gəmi həyatına uyğunlaşmaq asan deyil, xüsusilə də bir xanım üçün bu, çox çətin bir prosesdir. Ailədən, dostlardan uzaq olmaq, normal həyat tərzindən çıxaraq tamamilə yeni bir mühitə daxil olmaq və həmin mühitə alışmaq heç də asan olmur. Mənim üçün də ilk vaxtlar çətin idi, amma gəmidə çalışanlar hər zaman mənə kömək edib, yanımda oldular. Başlanğıcda çətinlik çəksəm də, peşəmi sevdiyim üçün zamanla gəmini öz evim kimi görməyə başladım. Ümumiyyətlə, dediyim kimi, gəmidə işləmək asan deyil, lakin dənizdə çalışan hər kəs mənim üçün çox güclü insandır.
- Gəmi heyəti ilə münasibətləriniz necədir? Buradakı mühiti necə ifadə edərdiniz?
- Gəmi heyəti ilə hər zaman yaxşı ünsiyyət qurmağı bacarmışam. Hər bir heyət üzvünə hörmətlə yanaşır və onlara daim kömək etmişəm. Ümumiyyətlə, bir ailə mühiti var. Oradakı insanlar bir-birini ailə kimi qəbul edir və daim bir-birinə dəstək olurlar.
- Ailə demişkən, onlar bu peşəni seçməyinizə necə reaksiya verdilər?
- Ailəm və ətrafımda dənizçilik sahəsi ilə əlaqəli olan və bu sahədə işləyən heç kim yoxdur. Buna görə də ailəm dənizçiliyin çətinliklərini bilsə də, onun gözəl və maraqlı tərəfləri haqqında məlumatlı deyildi. İlk vaxtlar bu sahə üzrə təhsil almağımı istəmirdilər. Lakin hər zaman fikirlərimə hörmətlə yanaşır və hansı peşəni seçirəmsə, onun öhdəsindən uğurla gələ biləcəyimə inanırdılar. Başlanğıcda narahat olsalar da, zamanla bu peşəni seçdiyim üçün nə qədər şanslı olduğumu və öz işimi sevdiyimi gördülər. Ailəm hər zaman qərarlarımdan asılı olmayaraq arxamda durub və məni dəstəkləyib. Bundan sonra da yanımda olacaq, məni motivasiya edərək bu sahədə irəliləməyimə dəstək verməyə davam edəcəklər.
- Bizə biraz işinizdən danışmağınızı istərdik. Hansı tip gəmidə işləyirsiniz, işiniz nələrdən ibarətdir?
- ASCO-ya məxsus olan RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində matros vəzifəsində işə başlamışam. “Zərifə Əliyeva” gəmisi əsasən Ələt-Kurik və Ələt-Türkmənbaşı marşrutları üzrə səfərlər edir. Gəmidə olduğum müddətdə yan alma əməliyyatları zamanı kəndirlərin sahilə verilməsi və geri qəbulu, yükləmə-boşaltma zamanı yük göyərtəsində işləmək, eləcə də gəmi ilə bağlı müxtəlif əlavə işləri yerinə yetirirəm. Gəmi limanda olduğu zaman, karmada 4 saat növbədə dayanaraq gəmiyə giriş-çıxışlara nəzarət edirəm. Dənizdə olduğum müddətdə isə vaxtımı gəminin kapitan körpüsündə keçirirəm.
- Gəmi matrosları nələrə diqqət etməlidir?
- İlk növbədə, təhlükəsizliyə diqqət yetirmək hər bir heyət üzvünün borcudur. Xüsusilə matroslar yan alma, yükləmə və boşaltma əməliyyatları zamanı son dərəcə diqqətli olmalı və işlərini lazımi qaydada, tam təhlükəsiz şəkildə yerinə yetirməlidirlər. Hər hansı bir hadisə baş verdikdə, matroslar dərhal kapitan köməkçilərinə məlumat verməli və onların göstərişlərinə uyğun şəkildə hərəkət etməlidirlər.
- Dənizdə olduğunuz müddətdə ən maraqlı və unudulmaz hadisə nə olub? Sizin üçün gəmidə işləməyin ən gözəl tərəfi nədir?
- Gəmidə keçirdiyim hər an mənim üçün unudulmazdır. Hər gün ixtisasımla bağlı yeni biliklər əldə etmək, fərqli insanlarla tanış olmaq çox gözəl hissdir. Gəmidə müxtəlif ölkələrdən sərnişinlər olur və onlarla söhbət etmək, onların adət-ənənələri haqqında yeni məlumatlar öyrənmək olduqca maraqlıdır. Mənim üçün gəmidə işləməyin ən gözəl tərəfi yeni yerlər görmək, fərqli insanlarla tanış olmaq, dünyagörüşünü genişləndirmək və müxtəlif situasiyalardan çıxış yolu tapmaq, tez qərar qəbul etmək bacarığını inkişaf etdirməkdir.
- Ən uzaq səfəriniz hara olub?
- İndiyə qədər ən uzaq səfərim Ələt-Kurık marşrutu olub. İnanıram ki, gələcəkdə ASCO-nun xarici sularda üzən gəmilərində işləyərək fərqli ölkələrə səfər edəcək və dünya okeanlarına açılacağam.
- İş yerində cinsi ayrı-seçkiliklə qarşılaşmısınız? Bunun öhdəsindən necə gəlmisiniz?
- Hər bir insanın düşüncə tərzi və həyata baxışı fərqlidir. “Dənizdə qadın işləməz”, “Gəmi qadın yeri deyil” kimi fikirlər eşitmişəm. Özüm də bu sahədə olduğum üçün qadınların dənizçilik sahəsində çalışa bilməyəcəyi ilə bağlı stereotiplərin əsassız olduğunu gördüm. Bu yanaşmaya baxmayaraq, Xəzər dənizində çalışan xanımların sayı gündən-günə artır və bu davam edəcək. Hər bir sahədə həm kişi, həm də qadın çalışa bilər. Çətin və ya asan olmasından asılı olmayaraq, əsas məsələ insanın öz işinin öhdəsindən gələ bilməsidir.
- Ölkəmizdə dənizçilik sahəsində xanımların fəaliyyət göstərməsi üçün yaradılan şəraiti necə qiymətləndirirsiniz?
- Azərbaycanda digər sahələrdə olduğu kimi dənizçilik sahəsində də xanımların fəaliyyəti üçün bütün şərait yaradılır. Mən tam əminliklə deyə bilərəm ki, bu gün ASCO tərəfindən gəmiçilik sektorunda gender bərabərliyini və inklüzivliyi təmin etmək məqsədilə kifayət qədər addımlar atılır. Azərbaycan Dövlət Dəniz Akademiyasında hazırda bir çox xanım təhsil alır. İnanıram ki, onlar da yaradılan şəraitdən istifadə edib dənizçilik sahəsində fəaliyyət göstərəcəklər.
- Sosial şəbəkələrin günü-gündən inkişaf etdiyi bir dövrdə bəziləri öz işlərini, iş səyahətlərini vloqlar şəklində çəkib paylaşaraq geniş auditoriyaya çatırlar. Gəmiçilik, xüsusilə gəmidə motorçu işləmək inanlara maraqlı gəlir. Bir çox xanım da sizin bu işinizdən ilhamlanıb gəmiçilik sahəsinə üz tuta bilər. Siz işinizdə asudə vaxtlarda belə çəkilişlərlə bağlı düşünürsünüz?
- İndiki dövrdə sosial şəbəkələr aktiv şəkildə istifadə olunur, lakin mən çox da aktiv istifadəçi deyiləm. Asudə vaxtlarımda kitab oxumağa üstünlük verir, ixtisasımla bağlı yeni biliklər əldə etməyə və özümü daha da inkişaf etdirməyə çalışıram.
- Gəmiçilik sahəsini seçmək istəyən istəyən həmcinslərinizə hansı tövsiyələri verərdiniz?
- Bu peşəyə gəlmək istəyən hər bir xanıma demək istəyirəm ki, dənizdə xanımlar da çalışa bilər. Mən inanıram ki, hər bir xanım, hər bir insan özünə inansa, istənilən işin öhdəsindən asanlıqla gələ bilər. Dənizçilik sahəsini seçdiyim üçün heç vaxt peşman olmamışam, əksinə, bu peşəni seçdiyim üçün özümü çox şanslı hesab edirəm. Bu sahə üzrə daha da irəliləmək üçün çalışacam. Başqa xanımlar da mənim bacardığımı bacara bilər. Xanımlar zəif varlıqlar deyil, əksinə, hər bir xanım həyatda istədiyi sahə üzrə yüksək uğurlar və nailiyyətlər əldə edə bilər. Mən özümə inandığım üçün irəliləyirəm və bütün xanımlara demək istəyirəm ki, özünüzə olan inancınızı əsla itirməyin. Siz bir xanım olaraq hər şeyin ən gözəlinə layiqsiniz.









