Yasamalda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır - VİDEO

Qafar Ağayev15:37 - 27 / 03 / 2025
Yasamalda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır - VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilmiş və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bu barədə 1news.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

"Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birgə dayandırılmış və aktlaşdırılmışdır. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - Dövlət Komitəsindən bildirilib.

Eyni zamanda, Daxili İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır.

"Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Hazırda araşdırma davam etdirilir. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır" - deyə DİN-dən bildirilib.

Qeyd edək ki, sosial mediada Yasamal rayonunda sakinlərin evdə olduğu halda evlərinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Hadisə Yasamal, Alatava 1 , Abdulvahab Salamzadə kücəsi, ev 118B ünvanında qeydə alınıb.

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər