Deputat: Azərbaycanın mövqeyi ölkəmizi Çin üçün mühüm tərəfdaşa çevirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: Azərbaycanın mövqeyi ölkəmizi Çin üçün mühüm tərəfdaşa çevirib

Qafar Ağayev12:18 - Bu gün
Deputat: Azərbaycanın mövqeyi ölkəmizi Çin üçün mühüm tərəfdaşa çevirib

"Azərbaycan ilə Çin Xalq Respublikası arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli deyil, həm də Avrasiya regionunda çoxtərəfli əməkdaşlığın vacib seqmentlərindən birini təşkil edir".

Bu barədə Prezident İlham Əliyevin Çinə səfəri ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat qeyd edib ki, son illər ərzində Çin Xalq Respublikasının Sədri Si Cinpinin rəhbərliyi ilə Çin sürətli iqtisadi inkişaf yolu keçərək dünyanın ikinci ən güclü iqtisadiyyatına çevrilib.

"Bu inkişaf nəticəsində Çin qlobal siyasətdə fəal aktor statusu qazanıb .Azərbaycanın geostrateji mövqeyi və Şərq-Qərb əlaqələrində bağlayıcı həlqə kimi rolu ölkəmizi Çin üçün mühüm tərəfdaşa çevirib. İkitərəfli münasibətlər qarşılıqlı hörmət və inam, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir".

O, Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibəyə istinad edərək bildirib ki, 2023-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən 24-cü sammiti çərçivəsində imzalanan Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni səhifə açıb.

"Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin özəyində ilk növbədə iqtisadi əlaqələrin inkişafı dayanır. Məhz bu əlaqələrin yüksələn xətt üzrə genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında birgə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. 2016-cı ildə isə Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olmaqla beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya olunub. Azərbaycanın Çinin “Kəmər və yol” təşəbbüsünə verdiyi böyük önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna böyük həcmdə sərmayə qoyuluşu ilə Azərbaycan Respublikası Avrasiyanın mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək perspektivinə malikdir. Bu perspektivin reallaşdırılması üçün ölkəmiz son 20 ildə nəqliyyat-logistika infrastrukturunun yaradılması üzrə çoxsaylı layihələr həyata keçirib. Artıq Şərq-Qərb və Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolları və avtomobil yol infrastrukturu uğurla fəaliyyətə başlayıb".

Deputat əlavə edib ki, iki ölkə arasında Humanitar və elmi sahədə də əlaqələr uğurla inkişaf edir. Heydər Əliyev Fondu ilə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq, Konfutsi İnstitutlarının fəaliyyəti, ali təhsil müəssisələri arasında artan əlaqələr və gənclərin qarşılıqlı təhsil imkanları bu əməkdaşlığın əhatəsini genişləndirir.

Sonda Cavanşir Feyziyev bildirib ki, Azərbaycan-Çin münasibətləri sadəcə iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu tərəfdaşlıq sivilizasiyalararası dialoq, mədəniyyətlərarası inteqrasiya və beynəlxalq sabitlik baxımından da mühüm əhəmiyyət daşıyır.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər