Aşağı salınan xərclər, sürətli çatdırılma, etibarlı tərəfdaşlıq - ADY-nin beynəlxalq dəhlizlərin inkişafında ROLU | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aşağı salınan xərclər, sürətli çatdırılma, etibarlı tərəfdaşlıq - ADY-nin beynəlxalq dəhlizlərin inkişafında ROLU

Qafar Ağayev09:33 - Bu gün
Aşağı salınan xərclər, sürətli çatdırılma, etibarlı tərəfdaşlıq - ADY-nin beynəlxalq dəhlizlərin inkişafında ROLU

“Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik”.

Bu sözləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib.

Məhz Prezidentin də dediyi kimi sürətli inkişaf edən Azərbaycan yerləşdiyi coğrafi mövqe baxımından hər zaman diqqət mərkəzində olub. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan bu iki qitə arasında mühüm körpü rolunu oynayır.

Ölkəmizdə beynəlxalq nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Heydər Əliyevin uzaqgörən siyasəti dəmir yolu sahəsində də mühüm layihələrin reallaşmasına, geniş islahatların aparılmasına və Azərbaycanın bu sahədə beynəlxalq səviyyədə təmsil olunmasına şərait yaratmışdır.

1980-ci illərin əvvəllərində onun göstərişləri ilə dəmir yolunda mövcud geriliklərin aradan qaldırılması və vətəndaşların təkliflərinin nəzərə alınması istiqamətində əsaslı addımlar atılmışdır. Moskvada çalışdığı dövrdə də Heydər Əliyev dəmir yolu daşımalarının təkmilləşdirilməsinə xüsusi önəm verib. Onun həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq iqtisadi inteqrasiya prosesinə cəlb olunmuş, bu baxımdan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRASEKA) proqramı mühüm rol oynamışdır. 1993-cü ildə Brüsseldə region ölkələrinin nümayəndələrinin iştirakı ilə nəqliyyat infrastrukturunun inkişafına dair görüş keçirilmişdir.

Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda “Böyük İpək Yolu”nun bərpasına həsr olunmuş beynəlxalq konfrans təşkil olunmuş və Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilmişdir.

Məsafələrin qısalması, vaxta qənaət

Ümummilli lider tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurlar davam etdirilir. Azərbaycanda dəmir yolu şəbəkəsi bu gün sürətlə inkişaf edir. Məhz beynəlxalq dəhlizlərin Azərbaycandan keçməsi logistika sahəsində ən önəmli faktorlardan olan vaxt itkisinin qarşısını almaqda əhəmiyyətli rol oynayır.

Bu gün “Azərbaycan Dəmir Yolları” “Şimal-Cənub”, “Şərq-Qərb”, “Şimal-Qərb”, “Cənub-Qərb” Nəqliyyat Dəhlizlərindən yüklərin daşınmasında önəmli rola sahibdir. Yuxarıda qeyd etdiyim kimi dəhlizlərin Azərbaycandan keçməsi, ADY-nin işini peşəkar qurması sayəsində dəhlizlər üzrə daşınmalarda 3 dəfəyə qədər vaxta qənaət edilir.

Belə ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Hindistan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir. Dəhlizin əsas üstünlüyü tranzit məsafəsi və vaxtını əhəmiyyətli dərəcədə azaltmasıdır. Məsələn, dəniz yolu ilə 45-60 gün çəkən marşrut bu dəhliz vasitəsilə 20-25 günə tamamlanır. Bu da məsafənin 2-3 dəfə qısalması deməkdir.

Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çindən Türkiyə və Avropaya, həmçinin əks istiqamətdə yükdaşımaların artırılmasına xidmət edir. 2014-cü ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyənin nəqliyyat qurumlarının iştirakı ilə yaradılmış və Konsorsium tərəfindən idarə olunur.

Bu marşrutla yüklər Çindən Avropaya orta hesabla 10–12 günə çatdırılır. Daşımalar Batumi və Poti limanları, həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə həyata keçirilir. Layihə Azərbaycanın təşəbbüsü ilə tranzit müddətini və xərcləri azaldır.

Çindən göndərilən 300-cü konteyner blok-qatar bu dəhlizin əhəmiyyətini göstərir. Çin–Qazaxıstan–Azərbaycan marşrutu üzrə hərəkət edən bu qatar əvvəlki illərlə müqayisədə ciddi artımı əks etdirir.

Bununla yanaşı, əks istiqamətdə də yüklər daşınır. 2024-cü il noyabrın 24-də ilk dəfə Bakıdan Çinə ixrac yükləri dəmiryolu ilə göndərilib.

Şimal-Qərb nəqliyyat dəhlizi 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi ilə formalaşıb. Dəhliz əsasən Rusiya və Türkiyə arasında artan yük axınını qarşılayır, o cümlədən Rusiya mənşəli kömür və taxılın Azərbaycan üzərindən Türkiyəyə çatdırılmasını təmin edir.

Ticarət axınlarının diversifikasiyası və alternativ marşrutların inkişafı baxımından əhəmiyyətli olan bu dəhliz, Azərbaycan Dəmir Yollarının tranzit potensialını artıraraq milli iqtisadiyyata müsbət təsir göstərir.

Cənub-Qərb nəqliyyat dəhlizi 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü ilə yaradılıb və həmin il Bakıda rəsmi təqdimatı keçirilib. Azərbaycan, Gürcüstan, İran və Ukraynanın dəmir yolları və limanları arasında əməkdaşlıq protokolu imzalanaraq dəhlizin marşrutu “Fars körfəzi–İran Astara–Xəzər dənizi–Qara dəniz–Avropa” kimi müəyyən edilib.

Dəhliz Mumbay–Bəndər Abbas–Qəzvin–Astara (İRİ)–Astara (AZ)–Poti/Batumi–Odessa/İliçevsk xətti üzrə fəaliyyət göstərir. Onun əsas üstünlüyü Hindistandan Avropaya yükdaşımalarda tranzit müddətini dəniz yoluna nisbətən təxminən üç dəfə azaltmasıdır: 35–37 günə qarşı 10–12 gün.

İran, Azərbaycan, Gürcüstan və Ukrayna ərazilərindən keçən bu marşrut təhlükəsiz, sürətli və vahid tarif siyasəti ilə yükdaşımaları təmin edir. Bəndər-Abbas və Çabahar limanlarının istifadəsi əlavə yük cəlbi baxımından əhəmiyyətlidir. Daşımalar “ADY Express” vasitəsilə həyata keçirilir.

2024-cü ildə nəqliyyat dəhlizləri vasitəsilə 33 258,0 min ton yük daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4% və 2,5% artım deməkdir. Bu yüklərin 15 277,6 min tonu (46,0%) dəmir yolu dəhlizləri vasitəsilə daşınıb.

2025-ci il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev dəhlizlərin artan əhəmiyyətini vurğulayaraq bildirib ki, daşınan yüklərin həcmi ildən-ilə artır. O, daha səmərəli yükdaşımalar üçün yalnız fiziki infrastrukturun deyil, eyni zamanda rəqəmsallaşma sahəsində də mühüm addımların atıldığını qeyd edib.

Prezident, həmçinin, qonşu ölkələrlə yeni əməkdaşlıq formatlarının qurulduğunu və ortaq müəssisələrin yaradıldığını bildirib.

Vüqar Bayramov

1news.az-ın suallarını cavablayan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, regionun inkişafı baxımından beynəlxalq nəqliyyat dəhlizləri mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan bu dəhlizlərin genişləndirilməsini dəstəkləyən edən və təşviq edən əsas ölkələrdən biridir. Bir tərəfdən, Orta Dəhlizin genişlənməsi müşahidə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Bu kontekstdə Azərbaycan həm Orta Dəhlizin, həm də bütövlükdə regionun nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

Digər tərəfdən, Şimal-Cənub nəqliyyat dəhlizinin də genişlənməsi müşahidə olunur ki, bu da Azərbaycan ərazisindən keçən yüklərin artması ilə nəticələnir. Müasir çağırışlar və eyni zamanda yükdaşımalardakı maya dəyərini nəzərə alsaq, birmənalı şəkildə nəqliyyat dəhlizlərinin həm də dəmir yolu şəbəkəsinin genişlənməsini özündə ehtiva edir.

Dəmir yolu infrastrukturunun genişləndirilməsi çox vacib məqamlardandır. Bu, həm daha çox yükün daşınmasına, həm də daha əlverişli vaxt və maya dəyəri ilə daşımaların həyata keçirilməsinə imkan yaradır”.

Deputat əlavə edib ki, son illərdə “Azərbaycan Dəmir Yolları” həm dəmir yolu şəbəkəsinin inkişafı, həm də elektron xidmətlərin tətbiqi və innovativ yeniliklər baxımından fəallıq göstərən aparıcı qurumlardan biridir.

“Bu yeniliklər birbaşa olaraq Azərbaycan üzərindən daşınan yüklərin həcminə təsir edir və artım tendensiyasını gücləndirir.

Nəticə etibarilə, “Azərbaycan Dəmir Yolları” bir tərəfdən ölkə ərazisindən keçən nəqliyyat axınını genişləndirir, digər tərəfdən isə nəqliyyat-logistika sahəsində xidmət keyfiyyətini artırmaqla Azərbaycanın tranzit potensialını daha da gücləndirir. Son innovativ addımlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə dəmir yolu ilə yükdaşıma Azərbaycanda əsas strateji nəqliyyat istiqamətlərindən birinə çevriləcək”.

Rauf Ağamirzəyev

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe ölkəmizə mühüm geostrateji əhəmiyyət qazandırır.

“Buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizləri keçir. Eyni zamanda, yeni reallıqlara uyğun olaraq Türkmənistan üzərindən Əfqanistana qısa çıxış imkanı, Lapis-Lazuri marşrutu və Cənub-Qərb dəhlizi də mövcuddur ki, bu da Fars körfəzi ilə Qara dəniz limanlarını əlaqələndirəcək.

Bütün bu nəqliyyat yolları Azərbaycanın ərazisindən keçir. Ölkəmiz son illər ərzində dəmir yolu infrastrukturuna böyük investisiyalar yatırmış və bu sahədə işlər davam etdirilir. Sürətin artırılması və ötürücülük qabiliyyətinin genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri aparılır. Bu, uzun illər işğal altında olan torpaqların həm Azərbaycanın daxili nəqliyyat şəbəkəsinə, həm də regional şəbəkəyə inteqrasiyası baxımından son dərəcə vacib qərardır”.

R.Ağamirzəyev əlavə edib ki, hazırda əsas diqqət Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına yönəlib.

“Xüsusilə Şərq-Qərb marşrutu üzrə, Orta Dəhliz çərçivəsində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ilə birgə yeni marşrut hazırlanıb və bu marşrutla daşımaların həcmi hər il artır.

Darboğazların aradan qaldırılması və limanların sinxronlaşmış fəaliyyətinin təmin edilməsi istiqamətində işlər aparılır. Bu ilin əvvəlindən etibarən Bakı Beynəlxalq Limanı "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəçiliyinə verilib ki, bu da daşımaların daha effektiv şəkildə təşkili məqsədilə atılmış mühüm addımdır.

Şərq-Qərb dəhlizi üzrə, Gürcüstan limanları ilə yanaşı, yüklər Bakı-Tbilisi-Qars dəmir yoluna yönəldilir. Bu dəmir yolu Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına tikilmiş və Gürcüstanla birgə idarə olunur”.

"Zəngəzur dəhlizi istiqamətində son beş ildə intensiv işlər görülmüş, 110 km uzunluğundakı dəmir yolunun tikintisi demək olar ki, başa çatdırılmışdır" - deyə R.Ağamirzəyev əlavə edib:

“Paralel olaraq, İran istiqamətində Araz dəhlizi üzrə danışıqlar aparılır, marşrut müəyyənləşdirilir və infrastrukturun yaradılması istiqamətində addımlar atılır. Bu, Azərbaycanın tranzit dəhlizlərini şaxələndirməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yüklərin həcmi artır və Azərbaycan bu istiqamətdə infrastruktur layihələrini fəal şəkildə həyata keçirir. Sumqayıt–Yalama dəmir yolunun yenidən qurulması bu il tamamlanacaq, elektrifikasiya işləri isə üç ilə yekunlaşacaq. Ələt–Osmanlı–Astara dəmir yolunda əsaslı təmir aparılır və bu layihənin də üç ilə tamamlanması planlaşdırılır.

Artan yük tələbatına uyğun olaraq gələcəkdə əlavə layihələr də nəzərdə tutulur. 145 illik dəmir yolu şəbəkəsi Azərbaycanın regional nüfuzunu artırmaqla yanaşı, qeyri-sabit beynəlxalq şəraitdə sabit və etibarlı nəqliyyat xidməti təmin edir”.

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Qafar Ağayev

Paylaş:
270

Son xəbərlər

Bütün xəbərlər