Azərbaycanda sahibkarlığın inkişafına nə mane olur? – Ekspertdən ŞƏRH
Azad sahibkarlıq və liberal iqtisadiyyat bazar iqtisadiyyatının əsas sütunları hesab olunur.
Mülkiyyət hüququnun etibarlı şəkildə qorunduğu, rəqabətin təşviq edildiyi və dövlət müdaxiləsinin minimum səviyyədə olduğu iqtisadi mühit sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradır. Belə bir sistemdə biznes subyektləri fəaliyyətlərini daha sərbəst qurur, investisiya qoyuluşları artır və iqtisadi artım üçün yeni imkanlar formalaşır. Azərbaycanda son illərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində bir sıra islahatlar həyata keçirilsə də, ekspertlər bəzi problemlərin hələ də aktuallığını qoruduğunu bildirirlər.
İqtisadçı Xalid Kərimli 1news.az-ın sorğusunu cavablandırarkən bildirib ki, azad sahibkarlıq insanların mülkiyyət hüququnun qorunduğu, rəqabətin mövcud olduğu və dövlət müdaxiləsinin az olduğu şəraitdə biznes fəaliyyəti ilə məşğul olmasını nəzərdə tutur.
"Liberal iqtisadiyyat rəqabətin təşviq olunduğu, dövlət tənzimləmələrinin məhdud olduğu, mülkiyyət hüququnun qorunduğu və qiymətlərin bazarda formalaşdığı iqtisadi sistemdir. Bunun üstünlüyü ondan ibarətdir ki, sahibkarlar mülkiyyət hüquqlarının qorunacağına, müqavilələrin məhkəmələr tərəfindən təmin ediləcəyinə və münasibətlərin şəffaf şəkildə formalaşacağına əmin olurlar. Belə bir mühit biznes üçün etibarlılıq yaradır", – deyə iqtisadçı qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində müəyyən islahatlar həyata keçirilib.
Xalid Kərimli həmçinin bildirib ki, vergi və gömrük sahələrində inzibatçılığın təkmilləşdirilməsi, idarəetmənin yaxşılaşdırılması, güzəştli maliyyə mexanizmlərinin tətbiqi, eləcə də rəqəmsal iqtisadiyyatın və elektron hökumət xidmətlərinin inkişafı mühüm addımlar sırasındadır.
"Vergi və gömrük sahəsində müəyyən islahatlar aparılıb, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində işlər görülüb. Rəqəmsal iqtisadiyyatın formalaşdırılması və elektron hökumət xidmətlərinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Lakin problemlər hələ də qalmaqdadır. Maliyyəyə çıxış və resurs cəlb edilməsi sahibkarlar üçün ciddi problem olaraq qalır", – deyə o vurğulayıb.
İqtisadçı hesab edir ki, aparılan islahatlar yerli istehsalın rəqabət qabiliyyətinin artırılması və ixrac potensialının genişləndirilməsi baxımından hələ də kifayət deyil.
Onun fikrincə, iqtisadiyyatda rəqabətin səviyyəsi arzu olunan həddə çatmayıb və dövlət müdaxilələrinin müəyyən hissəsi biznes fəaliyyətinə təsir göstərməkdə davam edir.
"Gömrük və vergi sahəsində islahatlar olsa da, onlar hələ tam şəkildə rəqabətqabiliyyətli istehsalın formalaşmasına və ixrac potensialının genişlənməsinə imkan vermir. Dövlət müdaxilələri müəyyən dərəcədə biznesin üzərində qalır. İqtisadiyyatda rəqabətin vəziyyəti də arzu olunan səviyyədə deyil. Gənclərin sahibkarlığa cəlb olunması əvvəlki dövrlərlə müqayisədə daha rahatdır. Rəqəmsallaşma və süni intellekt texnologiyaları biznesə başlamağı asanlaşdırır. Müasir gənclər 20-30 il əvvəlki gənclərlə müqayisədə daha şanslıdırlar. Texnologiyanın sürətli inkişafı, xüsusilə yüksək texnologiyalar sahəsində uğur qazanmaq imkanlarını genişləndirib", – deyə o qeyd edib.
Bununla yanaşı, iqtisadçı gənclərin qarşısında duran əsas problemin maliyyə resurslarına çıxış olduğunu vurğulayıb.
"Gənclərin ən böyük problemi maliyyə resurslarına çıxışdır. Hökumət biznes inkubatorlarının və akselerasiya proqramlarının fəaliyyətini gücləndirməli, startap layihələrinə ayrılan qrantları artırmalıdır. Ölkədə vençur kapitalı inkişaf etməli, angel investorlar təbəqəsi formalaşmalıdır. Eyni zamanda uğurlu sahibkarlar mentorluq etməli, öz təcrübələrini bölüşməlidirlər. Universitetlərdə təhsil prosesi də sahibkarlığın təşviqinə və bu sahə üçün kadrların hazırlanmasına xidmət etməlidir", – deyə X. Kərimli əlavə edib.











