Tovuz həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
09:03
Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətxinin regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib. Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.