“Gabala Hospitality Group” Parisdə keçirilən “Beynəlxalq Qastronomiya Günləri”ndə Azərbaycanı təmsil edib - FOTO - VİDEO

“Gabala Hospitality Group” Parisdə keçirilən “Beynəlxalq Qastronomiya Günləri”ndə Azərbaycanı təmsil edib.
Ölkəmizin ən böyük turizm menecment şirkətlərindən biri olan “Gabala Hospitality Group” Parisdə keçirilən “Beynəlxalq Qastronomiya Günləri”ndə Azərbaycanı təmsil edib. Eyfel qülləsinin yaxınlığında təşkil olunan festival çərçivəsində Azərbaycan pavilyonu böyük maraqla qarşılanıb. Azərbaycanın Fransadakı Səfirliyi və “Azərbaycan Dostları” Assosiasiyasının birgə təşkilatçılığı ilə qurulan pavilyon festivalın ilk günlərindən etibarən ziyarətçilərin diqqət mərkəzində olub. Tədbir çərçivəsində “Gabala Hospitality Group”, Azərbaycanın qastronomik turizm destinasiyası sayılan füsunkar Qəbələ bölgəsinin zəngin mətbəx irsini təqdim edib. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov ziyarətçilərə şah plov, dolma, qaralı plov, müxtəlif turşular, eləcə də milli şirniyyatlarımız – şəkərbura, paxlava, badambura, mürəbbələr və milli çayımızı təqdim ediblər. Stenddə həmçinin Qəbələnin premium şərabı Savalan, müxtəlif milli məhsullar da nümayiş etdirilib. Fransanın tanınmış aşpazları – Siril Rouquet Provost və Kristof Geoffroy da Azərbaycan pavilyonunu ziyarət edərək milli təamlarımızı yüksək qiymətləndiriblər.
Gabala Hospitality Group-un Baş İcraçı Direktoru Şəbnəm Fərman tədbirlə bağlı fikirlərini belə ifadə edib: “Biz çox şadıq ki, Qəbələnin qastronomik destinasiya kimi tanıdılmasında bizim də mühüm rolumuz var. Bu fürsət üçün Azərbaycanın Fransadakı səfirliyinə və “Azərbaycan Dostları” Assosiasiyasına təşəkkür edirik. Pavilyonda iştirakımız bizə Qəbələnin ruhunu, zəngin dadlarını və mədəni irsini beynəlxalq auditoriyaya təqdim etmək imkanı verdi.”
Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı ildən keçirilir. Bu il tədbirdə 60-dan çox ölkəni təmsil edən pavilyonlar qurulub, 40 mindən çox ziyarətçi baş çəkib.
“Gabala Hospitality Group” şirkəti ölkənin ən böyük turizm menecementi şirkətlərindən biridir. Şirkətin portfelinə “Tufandağ Qış-Yay Turizm İstirahət Kompkleksi”, ilk milli beş ulduzlu hotellər şəbəkəsi olan “Qafqaz Hotels&Resorts”, “Gabaland” Əyləncə Parkı, peşəkar atıcılıq mərkəzi olan “Qəbələ Atıcılıq Klubu” və ölkədə ilk və tək raftinq mərkəzi olan “Rafting Gabala” aiddir.
Ətraflı məlumat üçün: [email protected]










.jpg)

