Latviyada 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Latviyada 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

15:05 - Bu gün
Latviyada 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2025-ci il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

1news.az xəbər verir ki, tədbirin əvvəlində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov açıb. O, beş il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladığını və bunun 44 günlük Vətən müharibəsinin başlanğıcı olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirib.

Səfir torpaqlarımızın erməni işğalından azad olunmasında fədakarlıq göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını ifadə edib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə qanunsuz hərbi işğalı davam etdirməyə çalışan Ermənistan xalqımızın mübarizə əzmini sarsıtmaq məqsədilə mülki əhalini hədəfə almağı davam etdirərək, əməliyyatların getdiyi bölgələrdən uzaqda yerləşən, əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə mülki əhaliyə qarşı ağır müharibə cinayətləri törətmişdir.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun mətinliyi və şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olan Şuşa işğaldan azad edilmiş, Kəlbəcər, Ağdam və Laçın rayonlarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat ilə ölkəmizə qaytarılması təmin edilmişdir.

E.Sultanov erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması üçün 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən antiterror tədbirlərinin həyata keçirildiyini və 24 saatdan az vaxtda yüksək peşəkarlıqla keçirilən bu əməliyyatın ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələndiyini bildirib.

Səfir Azərbaycanın Vətən müharibəsindən dərhal sonra bölgədə sülh təşəbbüsü ilə çıxış etdiyini və bu xüsusda 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün əhəmiyyətini vurğulayaraq, birgə bəyannamənin qəbul olduğunu, sülh müqaviləsi layihəsinin paraflandığını, həmçinin 1 sentyabr tarixində keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının ləğv edildiyini qeyd edib.

Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş “27 sentyabr – Qələbənin İlk Günü” sənədli film nümayiş olunub.

Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər