Könül Nurullayeva: BMT Baş Assambleyasında Prezidentin çıxışı tarixi əhəmiyyət daşıyırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva: BMT Baş Assambleyasında Prezidentin çıxışı tarixi əhəmiyyət daşıyırdı

13:05 - 26 / 09 / 2025
Könül Nurullayeva: BMT Baş Assambleyasında Prezidentin çıxışı tarixi əhəmiyyət daşıyırdı

"BMT Baş Assambleyasının 80-ci sessiyası Azərbaycan üçün çox vacib hadisələrlə yadda qaldı".

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib

Onun sözlərinə görə, Azərbaycan əvvəllər BMT və digər beynəlxalq platformalara təcavüz və işğaldan əziyyət çəkən tərəf kimi qatılırdısa, artıq son 5 ildə qalib ölkə kimi təmsil olunur.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfər və Cənubi Qafqazda davamlı sülh təşəbbüsləri Azərbaycanın nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Nyu-Yorka səfəri zamanı keçirilən çoxsaylı yüksək səviyyəli görüşlər bunun bariz nümunəsi olub.

“Azərbaycan həm iqtisadi potensialı, həm də qlobal əməkdaşlıq təşəbbüsləri ilə beynəlxalq aləmdə böyük maraqla qarşılanır. Dövlət başçısının iri investisiya şirkətləri və müxtəlif ölkələrin liderləri ilə, o cümlədən Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan rəhbərləri, AŞ və BMT baş katibi ilə görüşləri ölkəmizə göstərilən diqqətin göstəricisi idi. Bütün bu görüşlərdə Prezident İlham Əliyevə açıq şəkildə rəğbət ifadə olundu”, – deyə deputat qeyd edib.

Könül Nurullayeva bildirib ki, BMT Baş Assambleyasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bəyan etdi.

“Cənab Prezidentin çıxışı tarixi əhəmiyyət daşıyırdı. Dövlət başçısı Azərbaycanın həm 30 il işğaldan, həm də ikili standartlardan əziyyət çəkdiyini vurğuladı. O, BMT TŞ-nin Ermənistanın işğal siyasətinə qarşı qəbul etdiyi qətnamələrin icra olunmadığını, lakin Azərbaycanın öz gücü və iradəsi ilə həmin qətnamələri reallaşdırdığını diqqətə çatdırdı. Bu isə beynəlxalq hüququn üstünlüyünün təsdiqi idi”, – deputat əlavə edib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın həm müharibəni udan, həm də sülhü qazanan ölkə olduğunu və bu təcrübəni paylaşmağa hazır olduğunu bəyan etdi. “Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, Azərbaycanın baxışları aydındır – bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır”, – o deyib.

Deputatın sözlərinə görə, BMT Baş katibi Antonio Quttereş də ABŞ Prezidentinin şahidliyi ilə Bakı və İrəvan arasında imzalanmış çərçivə sazişini münasibətlərin normallaşması istiqamətində mühüm mərhələ kimi qiymətləndirib və Prezident İlham Əliyevlə görüşdə sülh gündəliyinin irəlilədilməsi münasibətilə təbriklərini çatdırıb.

Könül Nurullayeva diqqətə çatdırıb ki, dövlət başçısı çıxışında həmçinin birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşının itkin düşməsi məsələsinə toxunaraq, BMT-nin bu istiqamətdə daha fəal rol oynamasının vacibliyini vurğuladı. Bununla yanaşı, Prezident İlham Əliyev mina probleminin “Böyük Qayıdış”a ciddi maneə yaratdığını xatırladaraq, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlıların faciəli taleyinə xüsusi diqqət yetirilməsini tələb etdi.

Deputat əlavə edib ki, dövlətimizin başçısı həmçinin Azərbaycanın uğurlu enerji strategiyasını və COP29 çərçivəsində ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi töhfəni də önə çəkdi.

“Cənab Prezidentin ABŞ-yə bu səfəri həm Ağ Evlə, həm də BMT ilə münasibətlərdə yeni mərhələ hesab oluna bilər”, – deyə Könül Nurullayeva vurğulayıb.

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər