Kəmalə Məmmədova: Tənqidi düşüncə və faktçekinq XXI əsrin baza bacarıqlarıdır

“Biz elə bir dövrdə yaşayırıq ki, xəbər, qısa video və ya sadəcə bir tvit saniyələr içində qitələri dolaşa bilir”.
Bunu 1news.az-ın baş redaktoru Kəmalə Məmmədova II Azərbaycan-Özbəkistan mediaforumunun çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” adlı panel sessiyasında deyib.
“Rəqəmsal texnologiyalar təhsildə, iqtisadiyyatda və demokratiyada görünməmiş imkanlar açıb, lakin eyni zamanda yalnız qanunlarla və ya yeni platformalarla həll olunmayan bir çağırış qarşısında qoyub. Bu çağırış - etik məsuliyyətdir. Araşdırmalar göstərir ki, sosial şəbəkələrdə yalan xəbərlər təsdiqlənmiş faktlardan daha sürətlə yayılır. Platformaların alqoritmləri istifadəçilərin diqqətini saxlamaq üçün çox vaxt emosional yüklü kontenti gücləndirir və bu da manipulyasiyaların asanlıqla viral trendlərə çevrildiyi bir mühit yaradır. Azərbaycan artıq əmin olub ki, informasiya sadəcə məlumat axını deyil, hər şeydən öncə etimaddır. İkinci Qarabağ müharibəsi zamanı ölkəmiz güclü dezinformasiya dalğası və məqsədli manipulyasiyalarla üzləşdi. Təzyiqlər həm xaricdən, həm də sosial şəbəkələrin içindən gəlirdi. Cavab isə yalnız texnoloji deyil, hər şeydən əvvəl etik oldu: dövlət və müstəqil media yalnız təsdiqlənmiş faktları dərc etmək prinsipini qəbul etdi. Biz başa düşürdük: cəmiyyətin etimadı hər hansı sürətdən daha qiymətlidir”, - deyə K.Məmmədova vurğulayıb.
Baş redaktorun sözlərinə görə, bu yanaşma bu gün sistemli şəkildə inkişaf etdirilir. Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDIA) keyfiyyət və məsuliyyət standartlarının təşviqi üçün əsas platformaya çevrilib. Agentlik regional və onlayn KİV-ləri dəstəkləyir, jurnalistləri rəqəmsal etikaya dair təlimləndirir, faktların yoxlanılması proqramlarını tətbiq edir və redaksiyaları şəxsi məlumatların məsuliyyətli istifadəsi prinsiplərinə öyrədir. Bu, etik məsuliyyətin yalnız böhran anına verilmiş reaksiya deyil, uzunmüddətli dövlət siyasəti olduğunu göstərir.
“Əlbəttə, etik məsuliyyətdən danışarkən biz belə bir prinsipdən çıxış edirik ki, hər hansı dərc olunan material mütləq yoxlanışdan keçməlidir, xüsusən də ictimai rəyə və ya iqtisadi qərarlara təsir göstərirsə. Kontent heç bir halda alçaldıcı, diskriminasiyaedici və ya həssas qrupları manipulyasiya edən xarakter daşıya bilməz.
Dezinformasiya isə daha bir ciddi təhdidə çevrilib. Sistemli feyk kampaniyaları demokratik institutlara inamı sarsıdır. Müxtəlif ölkələrin daxili proseslərinə troll fabrikləri, hədəflənmiş reklamlar və kütləvi saxta hesablar vasitəsilə müdaxilə hallarını xatırlamaq kifayətdir.
Rəqəmsal mühitin etikası cəmiyyətin iştirakı olmadan mümkün deyil. Tənqidi düşüncə, faktların yoxlanılması və xəbərləri manipulyasiyadan ayırmaq bacarığı artıq XXI əsrin baza bacarıqlarıdır. Mediasavadlılığa sərmayə qoyan ölkələr feyklərə qarşı daha yüksək dayanıqlıq nümayiş etdirirlər. Məsələn, dezinformasiyanı tanımaq üçün tədris proqramlarının məktəb təhsilinə daxil edildiyi Finlandiya Avropada yalan xəbərlərə qarşı davamlılıq reytinqlərində lider mövqe tutur”, - deyə o bildirib.
“Biz hamımız rəqəmsal məkanın iştirakçılarıyıq və nə dərəcədə şüurlu hərəkət edəcəyimiz informasiyaya inamı və cəmiyyətimizin gələcəyinin keyfiyyətini müəyyənləşdirəcək. Rəqəmsal informasiya mühitində etik məsuliyyət abstrakt ideal deyil, praktiki zərurətdir”, - deyə K.Məmmədova yekunlaşdırıb.


