Şahin Seyidzadə: Heydər Əliyevin prezident seçilməsi xalqın dövlətçilik idealına sadiqliyinin təntənəsi idi

“Azərbaycan xalqının müstəqillik tarixi çoxsaylı çətinliklər, sınaqlar və eyni zamanda böyük qələbələrlə zəngindir”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib. Onun sözlərinə görə, 1993-cü ilin 3 oktyabr günü xüsusi önəm daşıyır.
“Həmin gün ümumxalq iradəsinin təntənəsi olaraq Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə müstəqil dövlətçiliyimizin qorunması, milli varlığımızın yaşadılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından dönüş nöqtəsi oldu”.
Deputat qeyd edib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısında böyük imkanlarla yanaşı çoxsaylı çətinliklərlə də üzləşmişdi:
“Gənc respublikanın siyasi institutları formalaşmamış, iqtisadiyyat iflic vəziyyətinə düşmüş, idarəçilik sistemi dağılmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın mühüm hissəsi işğal olunmuş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdi. Hakimiyyət böhranı və separatizm meyilləri ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə xalq yalnız böyük dövlətçilik təcrübəsinə, siyasi iradəyə və xalqın etimadına malik olan Ümummilli Lider Heydər Əliyevin ölkəni xilas edə biləcəyinə inanırdı”.
Şahin Seyidzadənin sözlərinə görə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyevin qətiyyətli mövqeyi və siyasi müdrikliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı, parçalanmaqda olan dövlətin dağılmasının qarşısı alındı. Xalqın iradəsi nəticəsində Ümummilli Liderin Ali Sovetin Sədri seçilməsi və daha sonra prezidentliyə namizədliyi müstəqilliyin xilası üçün tarixi addım idi.
Deputat bildirib ki, 1993-cü ilin 3 oktyabrında keçirilən ümumxalq seçkilərində Heydər Əliyevin Prezident seçilməsi təkcə siyasi hadisə deyil, həm də xalqın dövlətçilik idealına sadiqliyinin təntənəsi idi:
“Xalq öz liderini seçməklə dövlətin gələcəyinə inamını ifadə etdi, milli birliyini nümayiş etdirdi”.
O əlavə edib ki, prezident seçildikdən sonra Ümummilli Lider dövlət idarəçiliyinin bərpası, qanunun aliliyinin təmin edilməsi və sabitliyin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdi, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, ordunun təşkilatlanmasına və nizami hərbi qüvvələrin yaradılmasına nail oldu. 1994-cü ilin mayında əldə olunmuş atəşkəs isə dövlətin möhkəmlənməsi və gələcək inkişafı üçün mühüm şərt oldu.
“Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xaosdan çıxaraq müasir dövlət quruculuğu yoluna qədəm qoydu. İqtisadi islahatlar, beynəlxalq əməkdaşlıq, hüquqi dövlətin əsaslarının yaradılması onun uzaqgörən siyasətinin nəticəsi idi. 3 oktyabr 1993-cü il seçkiləri Azərbaycanın müasir tarixinə xalqın xilaskar liderinə etimad günü kimi daxil oldu və bu gün də dövlətçilik tariximizin şanlı səhifəsi kimi qiymətləndirilir”, – deyə Şahin Seyidzadə vurğulayıb.