30-cu Yubiley Xəzər İnşaat Həftəsinin açılış mərasimi baş tutdu | 1news.az | Xəbərlər
Cəmiyyət

30-cu Yubiley Xəzər İnşaat Həftəsinin açılış mərasimi baş tutdu

12:42 - Bu gün
30-cu Yubiley Xəzər İnşaat Həftəsinin açılış mərasimi baş tutdu

Bu gün Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin (“Caspian Construction Week”) rəsmi açılış mərasimi keçirilib.

Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan bu tədbir bir sıra beynəlxalq sərgiləri birləşdirir: 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic”.

Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına ünvanlandığı salamlama məktubu səsləndirilmişdir.

Prezident vurğulayıb ki, “Rebuild Karabakh” sərgisinin həm yerli, həm də beynəlxalq iştirakçılar üçün əhəmiyyəti ildən-ilə artır. Sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər nümayiş olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafına yönəlmiş yeni perspektivlər yaradılır. Bu nüfuzlu sərgi dayanıqlı tikinti, tərəqqi və sülh reallığını əks etdirir, gələcəyə istiqamətlənmiş mühüm bir tədbir kimi çıxış edir.

Dövlət başçısı qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və tikinti işləri uğurla həyata keçirilir və bu regionun simasını əsaslı şəkildə dəyişməkdədir.

Rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bəkirov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə və ICA Events şirkətinin baş direktoru Edvard Straçan çıxış etdilər.

Çıxış edənlər azad olunmuş ərazilərin bərpası və yenidən qurulması çərçivəsində “Rebuild Karabakh” sərgisinin xüsusi əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, tədbir innovativ texnologiyaların tətbiqinə, azad olunmuş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. Spikerlərin fikrincə, “Rebuild Karabakh” sərgisi regionun mədəni irsinin qorunması və tanıdılması üçün vacib bir platformaya çevrilmişdir. Bu sərgidə hər il müxtəlif layihələr nümayiş olunur və Qarabağın dirçəldilməsi və inkişafına yönəlmiş təşəbbüslər müzakirə edilir.

VIP qonaqlar vurğuladılar ki, sərgi biznes, sosial və mədəni istiqamətləri bir araya gətirərək, təcrübə mübadiləsi və Qarabağın davamlı inkişafına yönəlmiş yeni ideyaların formalaşması üçün mühüm platforma rolunu oynayır.

Sonda “ICA Events” şirkətinin baş direktoru Edvard Straçan "Caspian Construction Week" üzrə statistik məlumatları təqdim etdi, sərginin sponsor və tərəfdaşlarına təşəkkürünü bildirdi və iştirakçılara uğurlu və məhsuldar fəaliyyət arzuladı.

Daha sonra açılış mərasiminin iştirakçıları və qonaqlar VIP turda iştirak ediblər.

Tədbirə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) yer alır. “KOBİA”, “AZPROMO”, Qarabağ Dirçəliş Fondu, “MİDA” və “ASK” sərgidə stendlərlə təmsil olunur.

Yubiley həftəsinin baş sponsoru Azərbaycanda daşınmaz əmlakın inkişafı, investisiya və idarə olunması üzrə aparıcı şirkətlərdən biri olan “PMD Group”dur.

Tədbirin Rəsmi bank tərəfdaşı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PASHA Bank” çıxış edir.

“Rebuild Karabakh” sərgisinin rəqəmsal həllər üzrə rəsmi tərəfdaşı “AzinTelecom” şirkətidir.

Bu il ekspozisiya Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə edir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət yer alır. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya daxildir. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunur.

Tədbirin Rəsmi otel tərəfdaşı isə “Absheron Hotel Group” olacaq. 2025-ci ilin payız sərgilərinin Rəsmi otel tərəfdaşları – “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, “Ibis Baku City”; Rəsmi florist tərəfdaşları – “Gloria Flowers” və “Buketeria”; Rəsmi turizm tərəfdaşı – “Greenwich Travel Club”; digər rəsmi tərəfdaşlar arasında isə “AzExpoMontage LLC” və “Caspian Freight Services” şirkətləri yer alır. 2025-ci ilin payız və 2026-cı ildə keçiriləcək sərgilərin Rəsmi outdoor reklam tərəfdaşı “Bilbord.al” şirkətidir.

Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları — “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. “Caspian Construction Week” Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal şəkildə dəstəklənir.

Ətraflı məlumatı sərgilərə aid sosial şəbəkə hesablarından və rəsmi internet saytlarından əldə etmək mümkündür: www.rebuildkarabakh.az, www.bakubuild.az, www.aquatherm.az, www.roadtraffic.azwww.plastex.az.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər