Deputat: “Bu bəyanat Azərbaycan–Slovakiya münasibətlərində yeni tarixi mərhələnin əsasını qoydu” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Bu bəyanat Azərbaycan–Slovakiya münasibətlərində yeni tarixi mərhələnin əsasını qoydu”

Qafar Ağayev10:37 - Bu gün
Deputat: “Bu bəyanat Azərbaycan–Slovakiya münasibətlərində yeni tarixi mərhələnin əsasını qoydu”

“2025-ci il dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərində yeni tarixi mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi qiymətləndirilir” .

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputatın sözlərinə görə, dövlət başçısının səfər çərçivəsində səsləndirdiyi məqamlar iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluğun, qarşılıqlı etimadın və strateji əməkdaşlığın ən yüksək səviyyədə təsdiqi kimi dəyərləndirilməlidir.

“Prezident İlham Əliyevin bəyanatında ikitərəfli münasibətlərin mövcud vəziyyətinə və gələcək perspektivlərinə dair çox aydın siyasi konturlar təqdim olundu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan və Slovakiya artıq sadəcə dost ölkələr deyil, həm də strateji tərəfdaşlardır” – deyə Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrin hüquqi-institusional bazasını möhkəmləndirməklə yanaşı, uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır.

“Bu sənədin imzalanmasından sonra iki ölkə arasında bütün istiqamətlər üzrə aktiv əməkdaşlıq mexanizmləri işə düşüb. Müştərək işçi qruplarının genişləndirilməsi, yeni komissiyaların yaradılması, iqtisadi və siyasi platformalarda artan koordinasiya münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyır”.

Şahin Seyidzadə

Enerji sahəsində əməkdaşlıqdan bəhs edən deputat bildirib ki, Azərbaycanın ilk dəfə Slovakiyaya qaz nəql etməsi ikitərəfli münasibətlərinin strateji dərinliyini artıran əhəmiyyətli addımdır.

“Prezident İlham Əliyev bəyan etdi ki, Slovakiyaya Azərbaycan qazının ötürülməsi artıq reallığa çevrilib. Bu, Slovakiyanın enerji təhlükəsizliyi üçün mühüm, Azərbaycanın isə Avropa enerji məkanındakı rolunu möhkəmləndirən hadisədir”.

Onun sözlərinə görə, Azərbaycanın 14 ölkəyə qaz ixrac etməsi, o cümlədən Avropa İttifaqının 8 üzvünü enerji ilə təmin etməsi ölkəmizin qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş mövqeyini gücləndirir.

“Dövlət başçısı həmçinin qeyd etdi ki, qaz yataqlarının genişləndirilməsi istiqamətində yeni layihələr həyata keçirilir və Slovakiyanın istənilən həcmdə qaz tələbatı ödənilə bilər”.

Müdafiə sənayesi sahəsinə toxunan Şahin Seyidzadə bildirib ki, bu istiqamətdə əməkdaşlıq hərbi məqsədlərlə məhdudlaşmır, daha çox sənaye istehsalı və texnoloji inkişaf xarakteri daşıyır.

“Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə sintezi yeni sənaye sahələrinin yaradılması üçün geniş imkanlar açır. Bu sinergiya həm regional, həm də qlobal bazarlara yönəlik məhsulların istehsalına şərait yarada bilər”.

Deputat vurğulayıb ki, Azərbaycanın post-müharibə mərhələsində sülh və inkişaf prioritetləri fonunda bu əməkdaşlığın əsas hədəfi sənaye modernizasiyası və iqtisadi şaxələndirmədir.

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş tədbirdə Slovakiya nümayəndələrinin iştirakı barədə danışan Seyidzadə bunu “dostluq jesti” kimi qiymətləndirib.

“Prezident İlham Əliyev həmin iştirakın Azərbaycanın suverenliyinə hörmət və siyasi həmrəyliyin ifadəsi olduğunu xüsusi vurğuladı”.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığa toxunan deputat əlavə edib ki, Azərbaycan Orta Dəhliz layihəsinin aparıcı iştirakçısı kimi regionun əsas tranzit mərkəzlərindən birinə çevrilir.

“Bu sahədə Slovakiya ilə əməkdaşlığın genişləndirilməsi ticarət dövriyyəsini, yükdaşımaları və logistik imkanları ciddi şəkildə artıracaq”.

Rəqəmsal transformasiya istiqamətində perspektivlərdən danışan millət vəkili qeyd edib:

“İstifadə olunmayan 2 giqavat enerji potensialı və yaxın beş ildə 8 giqavata çatdırılması data mərkəzlərinin yaradılması üçün böyük imkanlar yaradır. Soyuq iqlim şəraiti texnoloji baxımdan üstünlük təşkil edir və bu, Slovakiya şirkətləri ilə rəqəmsal ekosistemin qurulması üçün əlverişli mühit formalaşdırır”.

Onun sözlərinə görə, süni intellekt, bulud texnologiyaları və informasiya təhlükəsizliyi qarşıdakı illərdə iki ölkənin əsas əməkdaşlıq istiqamətləri olacaq.

“Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Slovakiya əlaqələri artıq ikitərəfli müstəvidən çıxaraq regionlararası təşəbbüslərin formalaşmasına real töhfə verə biləcək səviyyəyə yüksəlib. Enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal transformasiya və iqtisadi əməkdaşlıq bu strateji tərəfdaşlığın əsas dayaqlarıdır”.

Deputatın sözlərinə görə, Slovakiyanın müstəqil xarici siyasəti, Azərbaycanın regional liderliyi və qarşılıqlı etimadın yüksək səviyyəsi münasibətlərin uzunmüddətli, davamlı və strateji xarakter daşıdığını təsdiqləyir.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər