Prezident İlham Əliyevin enerji diplomatiyası Azərbaycanın qlobal investisiya mövqeyini gücləndirir
Dövlət başçısının müəyyən etdiyi strateji xətt əsasında Azərbaycan iri transmilli investisiyalar üçün cəlbedici tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Son dövrlərdə imzalanan strateji sazişlər və həyata keçirilən ardıcıl islahatlar göstərir ki, ölkə artıq regional çərçivəni aşaraq qlobal iqtisadi maraqların uzlaşdığı investisiya məkanına çevrilib.
1news.az xəbər verir ki, bu ilin fevral ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinə məxsus Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) beynəlxalq investisiya qolu olan XRG şirkəti arasında “Cənub Qaz Dəhlizi” QSC-də səhm əldə edilməsi məqsədilə alqı-satqı sazişi imzalanıb. Saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və XRG-nin icraçı sədri, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl-Cabir tərəfindən imzalanıb.
Cənub Qaz Dəhlizi (CQD) Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin təbii qaz ehtiyatlarını Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa bazarlarına çatdıran mühüm ixrac şəbəkəsidir. Bu şəbəkə Şahdəniz təbii qaz-kondensat yatağı və onun tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəməri və onun genişləndirilməsi, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) kimi dörd əsas layihədən ibarətdir.
Böyük uğur hekayəsi: Cənub Qaz Dəhlizi
Bir qədər tarixə ekskurs edək. İllər öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən nəhəng CQD layihəsi texniki-iqtisadi cəhətdən mürəkkəb idi və geniş beynəlxalq əməkdaşlıq tələb edirdi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq layihəyə start verdi. Qarşıya çıxan bütün çağırışlara baxmayaraq, ölkəmiz düzgün yürüdülən enerji siyasəti, strateji planlaşdırma və beynəlxalq tərəfdaşların cəlb edilməsi nəticəsində layihə ilə bağlı bütün hədəflərə nail oldu. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında İlham Əliyev bu barədə bildirirdi: “Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni - XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi”. Bu kontekstdə vurğulanmalıdır ki, CQD Prezidentin uzaqgörən siyasəti nəticəsində yalnız milli maraqlara deyil, regional və qlobal enerji təhlükəsizliyinə töhfə verən strateji layihə kimi tanındı. İlham Əliyevin təşəbbüsü Avropanın enerji diversifikasiyasında Azərbaycanı etibarlı tərəfdaş kimi təqdim etdi. CQD-nin həyata keçirilməsinə bütün aparıcı beynəlxalq maliyyə institutları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı öz töhfələrini verdilər. Bu isə layihənın yüksək səmərəliliklə gerçəkləşməsini təmin edən əsas faktorlardan birinə çevrildi. Beləliklə, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmağa qabil CQD layihəsi uğurla reallaşdı. Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində böyük rolu olan CQD ölkəmizin beynəlxalq arenada strateji rolunu daha da möhkəmləndirdi. Azərbaycan enerji tranziti və diplomatiyasında lider mövqelərə yüksəldi.
Böyük uğur hekayəsi hesab olunan CQD enerji resurslarının şaxələndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır və Avrasiyada ən böyük infrastruktur layihələrindəndir. Layihə yalnız Avropanın enerji təhlükəsizliyini təmin etməklə məhdudlaşmır, həm də Yaxın Şərqdə strateji enerji əlaqələrin qurulmasına, regionlararası inteqrasiyaya töhfə verən, Suriyaya qaz tədarükünü mümkün edən qlobal layihə statusundadır.
XRG-nin Cənub Qaz Dəhlizinə yatırımının çoxtərəfli faydaları
XRG beynəlxalq investisiya şirkəti BƏƏ-nin milli neft və qaz şirkəti olan ADNOC-a məxsusdur. Baş ofisi Əbu-Dabidə yerləşir. Şirkət təbii qaz sektoruna, süni intellekt və sənayeni enerji ilə təmin edən həllərə investisiya yatırır. XRG-nin müəssisə dəyəri 150 milyard ABŞ dollarından artıqdır. XRG qlobal enerji və kimya məhsullarına artan tələbatı qarşılayan aktiv və şirkətlərdə əməliyyat və qeyri-əməliyyat paylarına malikdir.
XRG kimi böyük beynəlxalq investisiya şirkətinin CQD-yə yatırımı ölkəmizin BƏƏ ilə tərəfdaşlığında mühüm mərhələdir. Saziş çərçivəsində nəzərdə tutulan birgə fəaliyyət enerji təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq enerji infrastrukturunun inkişafı istiqamətində ortaq məqsədlərə xidmət edir. Razılaşma ölkəmizin regional və qlobal enerji layihələrində daha fəal iştirakına zəmin yaradır.
Şirkətin CQD-də pay əldə etməsi xarici investorların Azərbaycanın enerji sektoruna və ölkənin strateji layihələrinə yüksək etimadının göstəricisidir. Bu, Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir və enerji diplomatiyasında təsir imkanlarını artırır.
Bu investisiya razılaşması Azərbaycanın rolunu yalnız enerji ixracatçısı kimi məhdudlaşdırmır. Razılaşma Azərbaycanın regional enerji nəqliyyatının formalaşdırılmasında, Avropa və Asiya bazarlarına qaz tədarükündə əsas aktorlardan olduğunu göstərir.
XRG-nin CQD layihəsində pay sahibi olması layihənin iqtisadi dayanıqlığını möhkəmləndirir. Çünki burada yalnız bir tərəfin maliyyə yükünə deyil, beynəlxalq investorların resurslarına əsaslanılır. Şirkətin CQD-də pay alması ilə layihəyə beynəlxalq investisiya axını, yəni əlavə maliyyə dəstəyi təmin olunur. Ölkənin enerji sektorunda uzunmüddətli davamlı iqtisadi inkişaf perspektivi daha da güclənir, xarici investisiyaların artması ilə enerji infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi üçün əlavə imkanlar açılır.
XRG ilə sövdələşmənin səhmdar strukturu baxımından da ölkə üçün böyük əhəmiyyəti var. Layihəyə yeni beynəlxalq səhmdarın daxil olması ilə səhmdar bazası şaxələnir. Bu, layihədə qərar qəbuletmə prosesini beynəlxalq standartlara uyğunlaşdırır, investorlar üçün şəffaflıq və etibarlılıq səviyyəsini yüksəldir. Maliyyə axını və səhmdar şaxələnməsi nəticəsində layihənin gəlir potensialı artır.
Sazişlə iki ölkə arasında iqtisadi və strateji tərəfdaşlıq genişlənir. Eyni zamanda, razılaşma regional əməkdaşlığın dərinləşməsinə xidmət edir, enerji infrastrukturunun inteqrasiyasını təşviq edir.
Azərbaycan-BƏƏ münasibətləri regional sabitliyə və iqtisadi dayanıqlığa mühüm töhfə verir
Sazişlə bağlı imzalanma mərasimində dövlət başçılarının iştirakı iki ölkə arasında strateji səviyyədə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı bariz nümayiş etdirir.
Bu, yalnız enerji sektorunda deyil, həm də iqtisadiyyatın müxtəlif istiqamətləri və investisiya üzrə əlaqələrin möhkəmləndirilməsinə işarədir. Belə yüksək səviyyəli iştirak göstərir ki, layihə hər iki tərəf üçün prioritetdir. Bununla əməkdaşlığın gələcəkdə davamlı olacağına dair güclü mesaj verilir.
Azərbaycanın BƏƏ ilə enerji sahəsində əməkdaşlığı strateji tərəfdaşlığın dərinləşməsi və qarşılıqlı investisiya imkanlarının genişlənməsi baxımından mühüm önəm kəsb edir. Azərbaycan və BƏƏ hər iki ölkədə həyata keçirilən bir çox layihələr üzrə tərəfdaşdır. Ölkələrimiz arasında enerji təhlükəsizliyi və şaxələndirilməsi üzrə birgə fəaliyyət həyata keçirilir. Enerji əməkdaşlığı BƏƏ şirkəti ADNOC-un Abşeron qaz-kondensat yatağının işlənməsi layihəsində 30% pay əldə etməsi, SOCAR və BƏƏ-nin “Masdar” şirkətinin öIkəmizdə, günəş, külək elektrik stansiyaları layihələri və s. əhatə edir. Bu əməkdaşlıq ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji və yaşıl texnologiyalar üzrə təcrübə mübadiləsini sürətləndirərək uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır. Bununla regional enerji təhlükəsizliyi və qlobal enerji bazarında hər iki ölkənin mövqeləri daha da güclənir.
BƏƏ ilə ticarət əlaqələri də genişlənir. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 182,12 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 88,13% artım deməkdir. Ötən il ticarət balansı isə +49,2 milyon ABŞ dolları olub. Bununla yanaşı, ticarət sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üzrə Dubayda Azərbaycanın ticarət nümayəndəsi aparatı və Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.
Ölkələrimiz arasında ötən ilin iyulunda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin (CEPA) qüvvəyə minməsi gözlənilir. Ötən ilin oktyabrında sənəd ratifikasiya/təsdiq edilib və sazişin qüvvəyə minməsi üçün daxili prosedurların tamamlandığı barədə BƏƏ rəsmi şəkildə məlumatlandırılıb.
İnvestisiya tərəfdaşlığı önəmli istiqamətlərdən hesab olunur. BƏƏ ilə səmərəli investisiya əməkdaşlığı üçün geniş potensial mövcuddur. Azərbaycan və BƏƏ Birgə İnvestisiya Fondu da bu baxımdan önəmli platformadır. BƏƏ ilə sənayenin müxtəlif sahələri, tikinti və infrastruktur, rəqəmsal həllər, nəqliyyat, xidmət, bank sektoru, ərzaq təhlükəsizliyi, aqrar və s. istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar var və bir neçə istiqamətdə imzalanmalar həyata keçirilib.
Bununla yanaşı, bir neçə BƏƏ şirkəti azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə iştirak üçün müraciət edib.
Qeyd edilən bütün faktlar deməyə əsas verir ki, Azərbaycan-BƏƏ münasibətləri enerji, ticarət və investisiya sahələrini əhatə edən çoxşaxəli səmərəli tərəfdaşlıq modelinə çevrilərək həm regional sabitliyə, həm də uzunmüddətli iqtisadi dayanıqlığa mühüm töhfə verir.
Azərbaycan dünyanın və regionun enerji xəritəsini yenidən formalaşdıran əsas ölkələrdən birinə çevrilib
Ümumilikdə Azərbaycanın beynəlxalq enerji əməkdaşlığı önəmli uğurlarla müşahidə olunur. Azərbaycan dünyanın və regionun enerji xəritəsini şaxələndirən və yeni marşrutlar yaradan aktor kimi çıxış edir. Ölkəmizin Avropa ilə enerji əməkdaşlığı ardıcıl şəkildə genişlənir: Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqı üzvüdür. Azərbaycan qazının həmçinin, Suriyaya ixracına başlanılıb. Ölkəmiz Cənubi Qafqazın digər ölkələri ilə də enerji əməkdaşlığı həyata keçirir. Uzun illərdir, Gürcüstan, hazırda isə Ermənistan enerji təminatı üzrə əməkdaşlıq çərçivəsində Azərbaycandan enerji idxal edir. Geniş coğrafi əhatəni təmin edən müasir boru kəməri infrastrukturu Azərbaycanın dünyaya qaz ixracında rolunu daha da gücləndirir. Təbii resurslar, nəqliyyat şəbəkəsi və etibarlı enerji marşrutları Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirərkən, Azərbaycan üçün də ehtiyatların yüksək qiymətli bazarlarda reallaşdırılmasına imkan yaradır. Bu kontekstdə Avropa bazarı ən cəlbedici istiqamətlərdəndir.
Buradan aydın görünür ki, Azərbaycanın qlobal enerji arxitekturasında artan rolu ölkəyə beynəlxalq investisiya axınını sistemli şəkildə gücləndirir. Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl enerji diplomatiyası nəticəsində Azərbaycan təkcə etibarlı enerji ixracatçısı kimi deyil, eyni zamanda, iri transmilli investisiyalar üçün cəlbedici tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Son dövrlərdə imzalanan strateji sazişlər göstərir ki, ölkə artıq regional çərçivəni aşaraq qlobal iqtisadi maraqların uzlaşma nöqtəsinə çevrilib.
Azərbaycan: cəlbedici investisiya məkanı
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın makroiqtisadi və maliyyə sabitliyi, əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün tətbiq edilən güzəşt və stimullar ölkəyə xarici investisiya axınını təşviq edir. Ölkəmiz dünyada təkcə enerji sektoru üzrə deyil, həm də nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər qeyri-neft sahələrində cəlbedici investisiya məkanı kimi tanınır.
İndiyədək Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 360 mlrd. ABŞ dollarından çox olub, bunun da təxminən 180 mlrd. ABŞ dolları xarici investisiyaların payına düşüb. Bu göstəricilərin davamlı artımı üçün lazımi drayverlər optimal şəkildə işə salınıb.
Təsadüfi deyil ki, ölkə iqtisadiyyatında müşahidə olunan pozitiv tendensiyalar qlobal kredit reytinqi agentlikləri tərəfindən yüksək qiymətləndirilir. “Moody’s” və “Fitch” beynəlxalq reytinq agentlikləri ölkəmizin suveren kredit reytinqini artıraraq investisiya dərəcəsinə yüksəldib. Bu qiymətləndirmələr ölkəmizin investorlar üçün təhlükəsiz və rəqabətqabiliyyətli investisiya məkanı kimi mövqeyini aydın göstərir.











