Bu gün Ənvər Həsənovun ölümündən 1 il ötür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Ənvər Həsənovun ölümündən 1 il ötür

10:48 - Bu gün
Bu gün Ənvər Həsənovun ölümündən 1 il ötür

“Xalq artisti Ənvər Həsənov vəfat edib”.

Ailəsini və sevdiklərini kədərə qərq edən bu xəbərin yayımlanmasında düz 1 il ötür.

1news.az xatırladır ki, Ənvər Həsənov 1950-ci avqust ayının 17-də Bakıda dünyaya gəlib.

7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.

Ömrünü Azərbaycan kinosuna həsr edən sənətkar yaradıcılığı boyunca həm kamera önündə, həm də kard arxasında fəaliyyət göstərmiş, bir-birindən maraqlı filmlərin ərsəyə gəlməsində böyük rol oynamışdı.

Gənc yaşlarından kinolara çəkilməyə başlayan aktyorun xüsusilə yadda qalan və sevilən rolları “Yeddi oğul istərəm” filmində yaratdığı Cəlal, “Dərviş Parisi partladır”da Şahbaz, “Babək”də Tərxan, “Atları yəhərləyin”də Sirac, “Uşaqlığın son gecəsi” filmində isə həyat verdiyi Murad obrazıdır. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə də məhz “Dərviş Parisi partladır” filmində tanış olmuş, sonradan “Atları yəhərləyin” filmində də birlikdə rol almışdırlar.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Uzun müddətdir ki, səhhətində yaranan problemlərlə mübarizə aparan sənətkar 2025-ci ilin yanvarında xəstəxanaya yerləşdirilib və fevralın 3-ü evə buraxılıb. 16 mart tarixində isə gözlərini əbədi olaraq yummuşdur. Aktyor Bakının Buzovna qəsəbəsindəki ailə qəbiristanlığında həyat yoldaşı Mömünat Qurbanovanın yanında dəfn edilib.

Xatırladaq ki, sənətkar ölümündən qısa bir müddət öncə son müsahibəsini 1news.az-a verib.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər