Atəşkəsə baxmayaraq gəmilər Hörmüz boğazından keçməkdən çəkinir | 1news.az | Xəbərlər
Dünya

Atəşkəsə baxmayaraq gəmilər Hörmüz boğazından keçməkdən çəkinir

Oksana Orucova15:53 - Bu gün
Atəşkəsə baxmayaraq gəmilər Hörmüz boğazından keçməkdən çəkinir

ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Hörmüz boğazında gəmi hərəkəti hələ də tam bərpa olunmayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, dəniz daşımaları şirkətləri və neft emalı zavodları logistika və təhlükəsizliklə bağlı aydınlıq gözləyir.

Məlumatlara görə, ABŞ prezidenti Donald Trump atəşkəs elan etdikdən sonra belə, Körfəzdə qalan çoxsaylı neft və qaz tankerləri hərəkətə başlamayıb. Boğazda ümumilikdə 187 tanker və 172 milyon barel həcmində yükün toplandığı bildirilir.
İranın xarici işlər naziri Abbas Araqçi hücumlar dayandırılacağı təqdirdə təhlükəsiz keçidin təmin olunacağını desə də, prosesin texniki detalları hələ də qeyri-müəyyəndir.

Ekspertlər bildirirlər ki, Körfəzdə 1000-dən çox gəminin yığılması vəziyyətin tezliklə normallaşmasını çətinləşdirir. Hətta normal şəraitdə belə bu sıxlığın aradan qaldırılması həftələr çəkə bilər.

Böyük gəmi sahibləri atəşkəsin davamlı olacağına əmin olmadan risk etmək istəmirlər.

Maersk şirkəti də bildirib ki, atəşkəs müəyyən imkanlar yaratsa da, hələlik tam təhlükəsiz mühit formalaşmayıb.
Qeyd edək ki, dünya neft və mayeləşdirilmiş qaz tədarükünün təxminən 20 faizi bu boğazdan keçir. Buna görə də yaranmış vəziyyət qlobal enerji bazarına və qiymətlərə ciddi təsir göstərməkdə davam edir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər