Çin liderinin 7 illik fasilədən sonra Şimali Koreyaya səfəri başlayıb
Çin lideri Si Cinpin 7 ildən sonra Şimali Koreyaya səfər edib.
1news.az xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin bu gün Pekindən yola düşərək Pxenyana çatıb.
Səfərdə onu həyat yoldaşı Pınq Liyüen, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Cay Çi və xarici işlər naziri Vanq Yi müşayiət edir. Bu, Çin liderinin cari ildə ilk xarici səfəri hesab olunur.
Məlumata görə, Si Cinpinin Şimali Koreya lideri Kim Çen In ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcəyi gözlənilir. Çin lideri sonuncu dəfə bu ölkəyə 2019-cu ildə səfər etmişdi.
Qeyd edək ki, Kim Çen In 2025-ci ilin sentyabrında Pekində keçirilən hərbi paradda iştirak etmək üçün Çinə səfər edib. Həmin tədbirdə o, ilk dəfə çoxşaxəli görüş formatında iştirak edərək Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla bir sıra liderlərlə görüşüb.
Si Cinpinin həmin mərasimdə Putin və Kim ilə birlikdə ön sırada yer alması beynəlxalq arenada ABŞ və onun müttəfiqlərinə mesaj kimi qiymətləndirilib.
Xatırladaq ki, Çin Baş naziri Li Tsyan ötən ilin oktyabrında Koreya Əmək Partiyasının 80 illiyi münasibətilə Pxenyana səfər edib. Bundan əlavə, Çin XİN rəhbəri Vanq Yi də bu ilin aprelində Şimali Koreyada səfərdə olub.
Si Cinpinin bu səfəri ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin may ayında Çinə etdikləri ardıcıl səfərlərdən sonra baş tutur.
Analitiklər hesab edir ki, Çin lideri bu səfər çərçivəsində həm ABŞ və Cənubi Koreyanın Pxenyanın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı tələbləri, həm də Şimali Koreya və Rusiyanı regional geosiyasi balansda öz tərəfinə yaxın saxlamaq arasında həssas tarazlıq qurmağa çalışacaq.












