Starmer Tramp və Putinin hərəkətlərindən "yorulduğunu" bildirdi
Böyük Britaniya Baş naziri Kir Starmer, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin hərəkətləri səbəbindən britaniyalı ailələrin enerji xərclərinin artıb-azalmasından "yorulduğunu" açıqlayıb.
Bu barədə o, cümə axşamı günü dərc olunmuş ITV News-in "Talking Politics" podkastına verdiyi müsahibədə danışıb.
"Məni ölkə daxilində ailələrin enerji xərclərinin, həmçinin müəssisələrin xərclərinin Putinin və ya Trampın dünya üzrə hərəkətləri səbəbindən artıb-azalması bezdirib", - Starmer bildirib.
Bəyanat neft qiymətlərinin Amerika-İsrail-İran müharibəsi zamanı kəskin yüksəlməsi və iki həftəlik kövrək atəşkəs şəraitində dəyişməyə davam etməsi fonunda səslənib.
Starmer əlavə edib ki, dünya "gözləməli və görməlidir" ki, Ormuz boğazı açılacaqmı. O qeyd edib ki, iqtisadiyyat üçün nəticələr artıq hiss olunur və Britaniyaya daha yüksək enerji dayanıqlılığı və müstəqilliyi lazımdır.
Trampın İranı "bir sivilizasiya kimi məhv etmək" təhdidini şərh edərkən, Starmer bildirib ki, "belə ritorikadan istifadə etməzdi". Onun sözlərinə görə, Böyük Britaniyanın mövqeyi öz prinsipləri və dəyərləri ilə müəyyən olunur.
Starmer həmçinin İsrailin atəşkəs zamanı Livana endirdiyi zərbələri "səhv" adlandırıb: "Bu olmamalıdır və dərhal dayandırılmalıdır".
Qeyd edək ki, müsahibədən qısa müddət sonra, həmin gün Starmer Tramp ilə telefon danışığı aparıb. Dauninq-strit-in mətbuat xidməti bildirib ki, liderlər Ormuz boğazında naviqasiya azadlığının bərpasının zəruriliyini müzakirə edib və gələcək məsləhətləşmələr barədə razılığa gəliblər.
The Guardian məlumatlarına əsasən












