Makron: Livan atəşkəsə qoşulmalı, Hörmüz Boğazı dərhal açılmalıdır
Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə davam edən gərginlik fonunda mühüm diplomatik açıqlamalar verib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian ilə apardığı ayrı-ayrı danışıqlardan sonra bölgədəki vəziyyəti dəyərləndirib.
Makron sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, bölgədə elan olunan atəşkəsə bütün tərəflər ciddi şəkildə əməl etməlidir. O, xüsusilə vurğulayıb ki, bu prosesə Livanın da daxil edilməsi vacibdir.
Fransa Prezidenti həmçinin Hörmüz Boğazı ilə bağlı yaranmış böhrana toxunaraq, boğazın ən qısa müddətdə qeyd-şərtsiz, məhdudiyyətsiz və ödənişsiz şəkildə yenidən açılmasının zəruri olduğunu bildirib.
Makron qeyd edib ki, bu şərtlər təmin olunarsa, İslamabad şəhərində dayandırılmış danışıqlar tərəflərin dəstəyi ilə tezliklə bərpa oluna bilər. O, tərəfləri yanlış anlaşmaları aradan qaldırmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıb.
Bundan əlavə, Fransa Prezidenti cümə günü Paris şəhərində Fransa və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə videokonfrans formatında beynəlxalq sammit keçiriləcəyini açıqlayıb. Bildirilib ki, bu görüşdə münaqişəyə birbaşa tərəf olmayan ölkələr iştirak edəcək və təhlükəsizlik şəraiti imkan verdiyi halda, Hörmüz Boğazında gəmiçilik azadlığını bərpa etməyə yönəlmiş müdafiə xarakterli missiyanın yaradılması məsələsi müzakirə olunacaq.











