Yaponiyada 7,4 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi yaranıb
Yaponiyanın şimal-şərq sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, ardınca mümkün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
1news.az “Reuters”ə istinadən xəbər verir ki, məlumatı Yaponiya Meteorologiya Agentliyi yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri Sakit okeanda, təxminən 10 kilometr dərinlikdə qeydə alınıb. Rəsmi qurumlar İvate, Aomori və Hokkaydo prefekturaları üçün dalğaların hündürlüyünün 3 metrə çata biləcəyi barədə sunami xəbərdarlığı elan ediblər.
Zəlzələ Yaponiyanın seysmik intensivlik cədvəli üzrə “5 yuxarı” səviyyəsində qiymətləndirilib. Bu isə insanların hərəkətində ciddi çətinliklərin yarana biləcəyi, həmçinin tikililərdə zədələnmələrin, o cümlədən armatursuz beton divarların uçmasının mümkün olduğu anlamına gəlir.












