Dünyanın ən yüksək zirvəsinə gedən yolda gözlənilməz maneə - FOTO
Dünyanın ən yüksək zirvəsi Everest dağına aparan dırmanış marşrutu əsas düşərgənin yuxarısında yerləşən nəhəng buz kütləsi səbəbindən açıla bilməyib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi şəxslər və alpinistlər buz yarıqları ilə dolu ərazidə yüksələn təxminən 30 metrlik təhlükəli kütlənin keçidi bağladığını bildiriblər.
Hər il aprel–may aylarında keçirilən dırmanış mövsümü əlverişli hava şəraiti səbəbindən zirvəyə qalxış üçün ən kritik dövr hesab olunur.
“Buz dağı həkimləri” çarəsiz qalıb
Yerli əhali arasında “buz dağı həkimləri” kimi tanınan təcrübəli şerpa alpinistlər təhlükəli sahədə təhlükəsiz marşrut yaratmaq üçün ip sabitləmə, nərdivanların quraşdırılması və yol açılması işlərini davam etdirirlər. Lakin indiyədək təhlükəsiz xətt formalaşdırmaq mümkün olmayıb.
Nepal Turizm Dairəsinin nümayəndəsi Himal Gautam xatırladıb ki, Everest marşrutu adətən aprelin üçüncü həftəsində açılır. Onun sözlərinə görə, buz kütləsinin əriməsi və ya çökməsi halında mövsüm plan üzrə davam edə bilər.
Əks halda, daha çox şerpanın cəlb olunması, risklərin yenidən qiymətləndirilməsi və alternativ marşrutların araşdırılması planlaşdırılır.
Dırmanış hazırlıqları pozulub
Əsas düşərgədə beynəlxalq qrupa rəhbərlik edən təcrübəli alpinist Mingma bildirib ki, turların təşkili və yuxarı düşərgələrə avadanlığın daşınması gecikir.
Çinin Tibet tərəfinin bu il naməlum səbəblərdən bağlanması daha çox alpinistin Nepal marşrutuna yönəlməsinə səbəb olub.
Yüzlərlə alpinist gözləmədədir
Rəsmi məlumatlara görə, bu mövsüm üçün indiyədək 410 nəfərə Everestə dırmanış icazəsi verilib. Hər bir icazənin 15 min dollar olmasına baxmayaraq, say məhdudiyyətinin olmaması “ölüm zonası” kimi tanınan yüksək hündürlükdə sıxlıq riskinə dair tənqidləri artırır.
Əsas düşərgədə gözləyənlər arasında 98 çinli alpinist var. Bundan əlavə, ABŞ-dən 49 və Hindistandan 46 nəfər də zirvəyə qalxmaq üçün növbədədir.















