Ruslan Eyyubov işi üzrə ilkin istintaq başa çatıb - Yekun ittiham verildi | 1news.az | Xəbərlər
Siyasət

Ruslan Eyyubov işi üzrə ilkin istintaq başa çatıb - Yekun ittiham verildi

First News Media14:21 - Bu gün
Ruslan Eyyubov işi üzrə ilkin istintaq başa çatıb - Yekun ittiham verildi

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ilkin istintaq başa çatıb.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, təqsirləndirilən şəxslərə artıq yekun ittiham elan edilib.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digərləri barəsindəki istintaq sənədləri tanışolma üçün müdafiə tərəfinə təqdim olunub.

Tanışolma prosesi başa çatdıqdan sonra toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər xüsusilə ağır cinayət hesab olunur.

Qeyd edək ki, cinayət işləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Təqsirləndirilən şəxslərin hamısı ötən ilin dekabrından həbsdədirlər.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər