Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verdi | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verdi

Oksana Orucova09:28 - Bu gün
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verdi

Yaponiyanın Hokkaydo prefekturasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat verib.

Bildirilir ki, zəlzələnin episentri Tokachi bölgəsinin cənub hissəsində yerləşib. Sarsıntıdan sonra sunami təhlükəsinin olmadığı açıqlanıb.

Zəlzələ yerli vaxtla saat 06:23-də, 80 kilometr dərinlikdə baş verib. Təkcə Hokkaydo deyil, həmçinin Aomori və İvate prefekturalarında da güclü şəkildə hiss olunan zəlzələdən sonra sunami riski qeydə alınmayıb.

Hokkaydo Elektrik Enerjisi Şirkəti Tomari Atom Elektrik Stansiyasında hər hansı anormallığın müşahidə olunmadığını bildirib. Dəmir yolu operatoru JR Hokkaido isə bəzi yerli qatar reyslərinin müvəqqəti dayandırıldığını, lakin Hokkaydo Şinkansen sürətli qatarlarının normal fəaliyyətini davam etdirdiyini açıqlayıb.

Qeyd edək ki, ötən həftə Yaponiyada Sanriku sahilləri yaxınlığında 7,7 bal gücündə daha güclü zəlzələ baş vermişdi. Həmin zəlzələdən sonra İvate və Hokkaydonun bəzi bölgələri üçün sunami xəbərdarlığı edilmişdi. Bəzi ərazilərdə hündürlüyü 10-80 santimetr arasında dəyişən sunami dalğaları müşahidə olunmuşdu.

Rəsmilər yaxın bir həftə ərzində daha güclü “meqa zəlzələ” ehtimalının mövcud olduğu barədə xəbərdarlıq ediblər.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər