Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi keçirilir
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası (MR) Vəkillər Kollegiyasına üzvlüyə qəbul üzrə mayın 7-də növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.
1news.az xəbər verir ki, test mərhələsində iştirak üçün ümumilikdə 540 namizəd müraciət edib.
İştirakçıların 53 faizi Bakı şəhərinin, 47 faizi isə regionların payına düşür. Namizədlərin 93,3 faizi yerli, 6,7 faizi isə xarici ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali təhsil müəssisəsi 51 faizlik göstərici ilə Bakı Dövlət Universitetidir. İştirakçıların 71 faizi 40 yaşadək olan şəxslərdir. Bundan əlavə, namizədlərin 35 faizi qadın, 65 faizi isə kişilərdir. Naxçıvan MR üzrə müraciət edənlər namizədlərin ümumi sayının 0,4 faizini təşkil edir.
Eyni zamanda, imtahanda iştirak edən 540 namizədin 420-si (78 faiz) özəl müəssisə və digər təşkilatlarda, 120-si (22 faiz) isə dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmə orqanlarında, 9-u ədliyyə sistemində, 5-i daxili işlər orqanlarında, 1-i prokurorluqda, 60-ı isə digər dövlət qurumlarında fəaliyyət göstərir.
Qeyd edək ki, imtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda təşkil olunub. Saat 10:00-da başlayan imtahanın müddəti 3 saatdır və proses VK ilə DİM-in birgə təşkilatçılığı ilə tam elektron formatda həyata keçirilir.
Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən, hər biri 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olunub. İmtahanda keçid balı 60 olaraq müəyyən edilib. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra operativ şəkildə elan olunacaq və VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.
İmtahanın şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi məqsədilə prosesə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin media təmsilçiləri müşahidəçi qismində cəlb olunublar.












