Pakistanda sərnişin avtobusu dərəyə aşdı: ölənlər və yaralananlar var
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 4 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, qəzaya səbəb sürücünün yüksək sürət səbəbindən idarəetməni itirməsi olub.
Nəticədə avtobus yoldan çıxaraq dərəyə yuvarlanıb.
Hadisə nəticəsində ölənlər arasında bir qadın və bir körpənin də olduğu bildirilir. Yaralanan 26 nəfər hadisə yerinə cəlb olunan xilasedici qruplar tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Rəsmi şəxslər xəstəxanaya yerləşdirilən yaralılardan 7 nəfərin vəziyyətinin ağır olduğunu, onların baş nahiyəsindən ciddi xəsarətlər aldıqlarını və əlavə müalicə üçün Larkana şəhərinə göndərildiklərini açıqlayıb.
Hüquq-mühafizə orqanları qəzanın yüksək sürət səbəbindən baş verdiyini təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.












