“Rusiya ilə münasibətlərdə gərginlik görmürəm”.
1news.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Paşinyan bildirib ki, demokratiya regional əməkdaşlıq və sülhün əsas vasitəsidir: “İnanıram ki, demokratiya həmişə əməkdaşlığa xidmət edir və regional sülh üçün mühüm alətdir”.
Baş nazir qonşu ölkələrlə münasibətlərə də toxunub:
“Regionun dinc gələcəyinə inanıram. Azərbaycanla sülh əldə olunub, Gürcüstanla münasibətlərimiz dərin və inkişaf edir. Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını gözləyirəm və yaxın vaxtlarda həm dəmir yolu, həm də avtomobil yollarının açılacağına əminəm”.
O, strateji layihələrdən də danışıb: “TRIPP region ölkələri üçün faydalı olacaq və Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İrana töhfə verəcək”.
Paşinyan Rusiya ilə münasibətlərdə gərginlik iddialarını rədd edib: “Münasibətlər institusional əsaslara və qarşılıqlı hörmətə söykənir. Ermənistanda bəzi qüvvələr süni gərginlik yaratmağa çalışır”.
Xatırladaq ki, parlament seçkilərində 18 siyasi qüvvə – 16 partiya və 2 blok iştirak edir. Səsvermə hüququ olan seçicilərin sayı 2 485 851 nəfərdir.