Nazir: Azərbaycanda halal aqrar sektorun inkişafı üzrə bir neçə istiqamət müəyyənləşdirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Azərbaycanda halal aqrar sektorun inkişafı üzrə bir neçə istiqamət müəyyənləşdirilib

Qafar Ağayev16:21 - Bu gün
Nazir: Azərbaycanda halal aqrar sektorun inkişafı üzrə bir neçə istiqamət müəyyənləşdirilib

“Azərbaycanda halal aqrar sektorun inkişafı üzrə 5 strateji istiqamət müəyyənləşdirilib”.

1news.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat” tədbirində deyib.

Nazir bildirib ki, halal aqrar sektorun inkişafı üzrə bir neçə strateji istiqamət müəyyən edilib və bu sahədə tərəfdaşlara və investorlara konkret təkliflər irəli sürülüb.

“Birinci istiqamət vahid halal sertifikatlaşdırma və rəqəmsal izləniləbilənlik sisteminin yaradılmasıdır. “İnvestorların beynəlxalq səviyyədə tanınan və etibarlı standartlara ehtiyacı var. Azərbaycan bu istiqamətdə liderlik etməyə hazırdır və sizi də bu sistemin formalaşdırılmasında tərəfdaş olmağa dəvət edirik”, – deyə nazir qeyd edib.

M.Məmmədov bildirib ki, ikinci istiqamət inteqrasiya olunmuş yaşıl halal aqroparkların yaradılmasıdır. Bu çərçivədə bərpa olunan enerji ilə təmin edilən, istehsal, emal, sertifikatlaşdırma və soyuq zəncir logistikasını bir araya gətirən ixracyönümlü investisiya zonalarının formalaşdırılması nəzərdə tutulur. Üçüncü istiqamət halal sektoru üçün xüsusi maliyyə alətlərinin inkişafıdır. Burada İslam maliyyəsi və inkişaf banklarının kapitalını birləşdirən qarışıq maliyyələşdirmə mexanizmləri vasitəsilə investorlar üçün daha əlverişli imkanların yaradılması hədəflənir.

Dördüncü istiqamət isə halal ixracının Orta Dəhliz üzərindən inteqrasiyasının gücləndirilməsidir”. 

Nazir qeyd edib ki, Azərbaycan istehsalçılarını Körfəz və Avropa bazarları ilə birləşdirən logistika həlləri ölkənin rəqabət üstünlüyünü artıracaq.

“Beşinci istiqamət kimi isə insan kapitalı və innovasiyalara investisiya göstərilib. Qida elmi, keyfiyyətə nəzarət və sertifikatlaşdırma sahələrində peşəkar kadrların hazırlanması məhsulların keyfiyyətinə etibarlı zəmanət verəcək. Qapılarımız açıqdır. Gəlin birlikdə Azərbaycanı etik prinsiplərə əsaslanan, yüksək keyfiyyətli və yüksək gəlirli halal istehsalın aparıcı regional mərkəzinə çevirək”, – deyə nazir əlavə edib.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər