Əl-Casir: İİB Qrupu 51 ölkədə 139 milyard dollardan çox ticarət və investisiyanı sığortalayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əl-Casir: İİB Qrupu 51 ölkədə 139 milyard dollardan çox ticarət və investisiyanı sığortalayıb

Qafar Ağayev11:00 - Bu gün
Əl-Casir: İİB Qrupu 51 ölkədə 139 milyard dollardan çox ticarət və investisiyanı sığortalayıb

“İslam İnkişaf Bankı Qrupu olaraq inanırıq ki, inklüziv və dayanıqlı inkişaf yalnız dövlət siyasəti ilə deyil, güclü özəl sektor, sahibkarlıq təşəbbüsləri və etibarlı tərəfdaşlıqlar vasitəsilə mümkün olur”.

1news.az xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Bakıda İİB Qrupunun İllik Toplantısının ikinci günü çərçivəsində keçirilən “Özəl Sektor Forumu 2026: Açılış Mərasimi”ndə deyib.

O bildirib ki, forum ideyaların investisiyaya, dialoqun isə real layihələrə çevrildiyi mühüm platformadır.

“Bura hökumətlərin bazarlarla, sahibkarların maliyyə institutları ilə, imkanların isə investisiyalarla birləşdiyi məkandır”.

Əl-Casir qeyd edib ki, İİB Qrupu üzv ölkələrdə investisiyaların təşviqi, ticarətin asanlaşdırılması və iqtisadi dayanıqlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

“Qrupun qurumları maliyyələşdirmə, risklərin azaldılması, sığorta və ticarətin asanlaşdırılması alətləri ilə inkişafı dəstəkləyir”.

O bildirib ki, ICIEC 1994-cü ildən bəri 51 ölkədə 139 milyard dollardan çox ticarət və investisiya axınını sığortalayıb.

“Bunun təxminən 57 milyard dolları üzv ölkələrarası əməliyyatların payına düşür”.

Sədr əlavə edib ki, 2025-ci ildə ICIEC minlərlə KOB-un maliyyəyə çıxışını genişləndirib, yüz minlərlə iş yerinin qorunmasına və təxminən 890 milyon dollarlıq ticarət əməliyyatlarının dəstəklənməsinə töhfə verib.

Onun sözlərinə görə, ICD indiyədək 41 ölkədə 450-dən çox layihəni maliyyələşdirib və 7,1 milyard dollardan çox portfel formalaşdırıb.

“Bu layihələr maliyyə, sənaye, energetika və nəqliyyat sahələrində iqtisadi diversifikasiyanı dəstəkləyir”.

Əl-Casir qeyd edib ki, ITFC təxminən 20 milyard dollar ticarət maliyyələşdirilməsi təmin edib və KOB-ların ixrac imkanlarını genişləndirib.

O əlavə edib ki, THIQAH platforması 400-dən çox tədbir və 1500-dən artıq B2B və B2G görüş təşkil edib.

Sədr vurğulayıb ki, bu rəqəmlər real iqtisadi nəticələri və üzv ölkələrdə yaranan inkişafı əks etdirir.

“Özəl sektor inkişafın aparıcı qüvvəsidir. Bizim rolumuz isə maneələri azaltmaq və investisiya imkanlarını genişləndirməkdir”.

O bildirib ki, İİB Qrupu gələcəkdə də dayanıqlı və inklüziv inkişafı dəstəkləməyə davam edəcək.

Çıxışın sonunda Əl-Casir forum iştirakçılarına təşəkkür edib və müzakirələrin real nəticələrə çevriləcəyinə ümid ifadə edib.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər