ICIEC rəhbəri: Siyasi risk sığortası investisiya axınlarını artırır
“İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) əsas məqsədlərindən biri üzv ölkələr arasında ticarətin genişləndirilməsi və regional inteqrasiyanın gücləndirilməsidir”.
1news.az xəbər verir ki, bunu ICIEC-in Baş icraçı direktoru Xalid Xələfulla Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan sessiyada deyib. Onun sözlərinə görə, ixrac edən şirkətlərdə alıcıların kredit qabiliyyəti ilə bağlı məlumat çatışmazlığı və ölkə riskləri ticarətin sığortalanmasını zəruri edir və ICIEC bu riskləri azaltmaqla ticarətin daha etibarlı aparılmasına şərait yaradır.
X. Xələfulla bildirib ki, investisiya sığortası xüsusilə infrastruktur və enerji layihələri vasitəsilə regional inteqrasiyanı gücləndirir.
O, ICIEC-in Dünya Bankı, Daman, ATIDI, Euler Hermes, Coface, CESCE və ABŞ Exim Bankı kimi qurumlarla əməkdaşlıq etdiyini qeyd edərək iri infrastruktur layihələrinin beynəlxalq maliyyə institutlarının birgə dəstəyi ilə həyata keçirildiyini vurğulayıb.
Onun sözlərinə görə, ICIEC Riyad və Dubay metro layihələri, eləcə də Türkiyədə üç dəmir yolu layihəsinin sığortalanmasında iştirak edib, onlardan biri Azərbaycan sərhədinə yaxın yerləşib. O əlavə edib ki, siyasi risk sığortası banklar üçün kredit imkanlarını genişləndirir və informasiya çatışmazlığından yaranan risk qavrayışını azaldaraq investisiya axınlarını artırır.












