Yalçın Rəfiyev: Azərbaycan 140-dan çox ölkəyə inkişaf yardımı göstərib
“Azərbaycan beynəlxalq inkişaf sahəsində potensialın gücləndirilməsi və texniki yardımın əhəmiyyətini praktik fəaliyyəti ilə nümayiş etdirir”.
1news.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam İnkişaf Bankı (IsDB) ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu günə qədər dünyanın 140-dan çox ölkəsinə maliyyə, texniki və potensialın gücləndirilməsi istiqamətində dəstək göstərib.
“Donor fəaliyyəti çərçivəsində ölkə 44 ən az inkişaf etmiş ölkədən 43-nə, Afrikanın 54 ölkəsindən 53-nə və İslam Əməkdaşlıq Təşkilatının 57 üzvündən 51-nə yardım edib”.
Nazir müavini qeyd edib ki, bu yanaşma Azərbaycanın dayanıqlı inkişafın əsas yolunu yerli potensialın gücləndirilməsində, bilik mübadiləsində və milli səviyyədə idarə olunan layihələrin dəstəklənməsində görməsini əks etdirir.
Y.Rəfiyev Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə IsDB arasında əməkdaşlığın genişləndiyini vurğulayaraq bildirib ki, tərəfdaşlıq rəqəmsal innovasiyalar, səhiyyə və peşə təhsili, iqlimə davamlılıq və humanitar yardım kimi dörd əsas istiqaməti əhatə edir.
“Bu çərçivədə Afrika ölkələrinə, həmçinin Suriya və Əfqanıstana xüsusi diqqət yetirilir”.
O, həmçinin “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə tətbiqinin genişləndiyini qeyd edib və bu ilin əvvəlində Pakistanda belə bir mərkəzin fəaliyyətə başlamasını mühüm addım kimi qiymətləndirib.
Nazir müavini bildirib ki, inkişaf etməkdə olan ölkələr iqlim dəyişiklikləri ilə yanaşı, institusional boşluqlar, humanitar təzyiqlər və artan sosial xidmət tələbatı kimi çoxşaxəli çağırışlarla üz-üzədir.
“Bu baxımdan, Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü “Sülh, Yardım və Dirçəliş naminə İqlim Fəaliyyəti Bakı Çağırışı” təşəbbüsü böyük əhəmiyyətə malikdir.Y.Rəfiyev qeyd edib ki, təşəbbüs çərçivəsində yaradılan Bakı İqlim və Sülh Fəaliyyət Hubu iqlimə həssas ölkələrə texniki yardım və potensialın gücləndirilməsi istiqamətində dəstək verir.
Onun sözlərinə görə, bu platformanın əsas məqsədi ölkələrə öz prioritetlərini maliyyə cəlb edə biləcək keyfiyyətli investisiya layihələrinə çevirməkdə kömək etməkdir.
Y.Rəfiyev əlavə edib ki, Qvineya-Bisau ilə bu istiqamətdə başlanmış əməkdaşlıq artıq konkret nəticələr vəd edir və bu təcrübə digər ölkələr üçün də nümunə ola bilər.
Nazir müavini vurğulayıb ki, inkişaf üçün yalnız maliyyə resursları kifayət etmir, eyni zamanda institusional potensialın və idarəetmə bacarıqlarının gücləndirilməsi vacibdir.
Sonda o qeyd edib ki, Azərbaycan praktiki əməkdaşlığın genişləndirilməsinə, tərəfdaşlıqların möhkəmləndirilməsinə və dayanıqlı inkişafı dəstəkləyən yerli həllərin təşviqinə sadiq qalır.











