Yasamaldakı yanğınla bağlı cinayət işi məhkəmə baxışına verildi
Bu gün Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
1news.az məhkəmədən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Təqsirləndirilən şəxs Bəhruz Paşayev barəsində seçilmiş həbs qətimkan tədbiri isə dəyişdirilməyib.
Hazırlıq iclasında zərərçəkən tərəflərin vəkili ibtidai istintaqın tam və obyektiv aparılmadığını bildirərək, cinayət işi üzrə əlavə şəxslərin də təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsini tələb ediblər.
Zərərçəkənlərin vəkili bildirib ki, yanğının baş verməsində həm “Loft Dent” klinikasının sahibi Vüqar Abbasovun, həm də restoranın direktoru, hazırda təqsirləndirilən şəxs olan Bəhruz Paşayevin səhlənkarlığı olub.
Onun sözlərinə görə, Vüqar Abbasovun məsuliyyətdən kənarda qalması istintaqın obyektivliyinə şübhə yaradır.
Mərhum Qənbərli Arzu Əli qızının atası, vəkil Əli Qəmbərov da çıxışında Vüqar Abbasov Yusif oğlunun cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib.
O, Vüqar Abbasovun zərərçəkmiş şəxs kimi tanınmasının əsassız olduğunu iddia edərək, onun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasını tələb edib.
Vəkil qeyd edib ki, hazırda yalnız Bəhruz Paşayev təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunsa da, Vüqar Abbasovun da hadisəyə görə məsuliyyət daşıdığı araşdırılmalı və hər iki şəxs barəsində ittiham irəli sürülməlidir.
Məhkəmədə söz alan mərhum Könül Vəlibəylinin atası isə ailənin yaşadığı ağır vəziyyətdən danışıb. O bildirib ki, yanğından xilas edilən Könülün qızı Ləmanın müalicəsi Türkiyədə aparılıb və bunun üçün bütün var-dövlətini satıb.
Hazırda Ləmanın vəziyyətinin ağır olduğunu deyən ata, hadisəyə görə məsuliyyət daşıyan bütün şəxslərin qanun qarşısında cavab verməsini istəyib.
Xatırladaq ki, hadisə nəticəsində 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı həyatını itirib. Yanğın zamanı 30-a yaxın şəxs tüstüdən zəhərlənib.
Məhkəmənin qərarına əsasən, cinayət işi mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilib. İş üzrə növbəti məhkəmə iclası 30 iyul 2026-cı il tarixinə təyin olunub.












