Azərbaycanda elektron ticarətdə “ƏDV geri al” mexanizmi tətbiq oluna bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda elektron ticarətdə “ƏDV geri al” mexanizmi tətbiq oluna bilər

Qafar Ağayev12:25 - Bu gün
Azərbaycanda elektron ticarətdə “ƏDV geri al” mexanizmi tətbiq oluna bilər

“Elektron ticarətdə "ƏDV geri al" mexanizminin tətbiqi vacibdir”.

1news.az xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin üzvü Zeynal Kərimzadə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, bu məsələ müxtəlif dövrlərdə Azərbaycan Mərkəzi Bankı ilə müzakirə olunub və təkliflərin bir qismi artıq icra mərhələsindədir, digər hissəsi isə qanunvericilik dəyişiklikləri tələb etdiyindən gözləmə mərhələsindədir.

"Kərimzadə bildirib ki, "Multipost" layihəsi sahibkarlar üçün komissiya xərclərinin azalmasına xidmət edir. "Embedded finance" həlləri iri pərakəndə satış şəbəkələrinə inteqrasiya olunmuş maliyyə xidmətləri təqdim etməyə, B2B kreditləşmə isə sahibkarlar üçün alternativ maliyyələşmə imkanları yaratmağa şərait yaradacaq.

Onun sözlərinə görə, digər mühüm layihələrdən biri də "Click-to-Pay" modelidir. Hazırda bu istiqamətdə süni intellekt agentləri üzərində iş aparılır və biometrik ödənişlərin yeni standartlarının formalaşacağı gözlənilir.

Kərimzadə vurğulayıb ki, "ƏDV geri al" mexanizminin elektron ticarətə tam inteqrasiyası da vacibdir. Hazırda onlayn alış-veriş zamanı vətəndaşlar bir çox hallarda bu imkandan yararlana bilmirlər. Bu sahədə dəyişikliklər elektron ticarətin inkişafına əlavə stimul verə bilər.

O, həmçinin qeyd edib ki, son illərdə bazarda baş verən bəzi hadisələr və mediada yayılan məlumatlar xarici investorlar arasında narahatlıq yaradıb. Onun fikrincə, Azərbaycanın beynəlxalq investorlar üçün cəlbediciliyini qorumaq və xüsusilə fintex sektoruna marağı saxlamaq üçün obyektiv və düzgün məlumatlandırma mühüm əhəmiyyət daşıyır.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər