ABŞ-nin Qəzza sənədi üzə çıxdı: HƏMAS silahsızlanmasa belə bərpa davam edəcək
ABŞ-nin İsrailə Qəzza ilə bağlı yeni tələblər irəli sürdüyü iddia olunur, sənədin detalları açıqlanıb
1news.az xəbər verir ki, İsrailin dövlət televiziya kanalı KAN ABŞ-nin İsrailə Qəzza zolağı ilə bağlı tələbləri özündə əks etdirən sənəd təqdim etdiyini iddia edib.
Məlumata görə, sənəddə yer alan əsas müddəalardan biri HƏMAS silahsızlaşdırılmasa belə, ABŞ Prezidenti Donald Trump administrasiyasının Qəzza ilə bağlı planı çərçivəsində bölgənin yenidən qurulması prosesinin davam etdirilməsidir.
Bildirilir ki, ABŞ bu sənədlə bağlı İsraildən yazılı razılıq gözləyir.
Qeyd edək ki, nə ABŞ, nə də İsrail tərəfi yayılan iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Məlumata əsasən, sənəddə İsrailin Qəzza zolağında su, elektrik enerjisi və digər kommunal xidmətlər də daxil olmaqla infrastruktur layihələrinin həyata keçirilməsinə icazə verməsi nəzərdə tutulur.
Bundan başqa, HƏMAS-ın nəzarətində olan ərazilərdə yaşayan sakinlərin 2026-cı ilin sonunadək "Sülh Şurası"nın məsuliyyətində olan zonalara köçürülməsi təklif edilir.
Sənəddə həmçinin texnokrat hökumətin fəaliyyət göstərəcəyi mərkəzi qərargahın yaradılması, "Beynəlxalq Sabitlik Qüvvələri" üçün bazaların tikintisinə icazə verilməsi, Avropa Xəstəxanasının yenidən qurulması, tikinti materialları və tibbi avadanlıqların Qəzzaya daxil olmasına şərait yaradılması, eləcə də HƏMAS-ın nəzarətində olan ərazilərdən xəstəxanaya təhlükəsiz keçid dəhlizinin formalaşdırılması tələb olunur.
Sənəddə İsraildən Fələstin administrasiyasının Qəzza ilə bağlı vergi gəlirlərini "Sülh Şurası"na ötürməsi, eyni zamanda texnokrat hökuməti Qəzzada legitim idarəetmə qurumu kimi tanıması da istənilir.
Bundan əlavə, hazırda Qəzzada qadağan edilmiş 4G mobil rabitə şəbəkəsinin istifadəsinə icazə verilməsi, silahlarını təhvil verərək sülhə sadiq qalacaqlarını öhdələrinə götürən şəxslərə şərti əfv tətbiq edilməsi də sənəddə əksini tapıb.
Sənədə əsasən, "Sülh Şurası"nın təchizat zəncirlərinə, yanacaq təminatına və ödəniş sisteminə nəzarət etməsi, həmçinin HƏMAS-ın tətbiq etdiyi vergilərin azaldılması istiqamətində fəaliyyət göstərməsi planlaşdırılır.
KAN-ın məlumatına görə, sənəd ABŞ-nin İsrailə Qəzzada hərbi əməliyyatların yenidən başlanmasının artıq prioritet variant olmadığını, HƏMAS silahlarını təhvil verməkdən imtina etsə belə, bölgədə təşkilata alternativ idarəetmə modelinin formalaşdırılmasının vaxtının çatdığı mesajını verdiyini göstərir.
Xatırladaq ki, Qəzzanın keçid dövrü idarəetmə modeli çərçivəsində nəzərdə tutulan "Sülh Şurası", "Qəzza Milli İdarəetmə Komitəsi" və "Beynəlxalq Sabitlik Qüvvələri"nin yaradılması ilə bağlı plan bu ilin 16 yanvar tarixində Ağ Ev tərəfindən elan edilmişdi.










