İzləyicilərindən 1 milyard dollardan çox pul topladı, 30 il həbs cəzası aldı
Çinli milyarder ABŞ-də 30 il həbs cəzasına məhkum edildi
1news.az xəbər verir ki, Çində varlı iş adamı kimi tanınan Quo Venqvi (Guo Wengui) ABŞ-də dələduzluq işi üzrə təqsirli bilinərək 30 il müddətinə azadlıqdan məhrum edilib.
Nyu-York məhkəməsinin hakimi Analisa Torres bildirib ki, Quo Venqvi Çində demokratiyanın tərəfdarları olduğunu düşündüyü insanları hədəfə alaraq onlardan topladığı vəsaiti dəbdəbəli həyat tərzini maliyyələşdirmək üçün istifadə edib.
ABŞ prokuroru Şon S. Bakli isə qeyd edib ki, Quo Venqvi qarşısına çıxan qanuni imkanlardan yararlanmaq əvəzinə, minlərlə insanın ona göstərdiyi etimaddan şəxsi mənfəəti naminə sui-istifadə edib.
"Bugünkü hökm göstərir ki, nə şöhrət, nə də sərvət heç kəsi qanundan üstün etmir. Özlərini zənginləşdirmək məqsədilə ailələri dələduzluq yolu ilə zərərə uğradan şəxslər ciddi hüquqi məsuliyyətlə üzləşəcəklər", – deyə prokuror vurğulayıb.
Çinli iş adamı isə irəli sürülən ittihamları qəbul etməyərək toplanan vəsaitin siyasi fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunduğunu iddia edib.
İzləyicilərindən 1 milyard dollardan çox vəsait toplayıb
Məlumata görə, Quo Venqvi Çində iri daşınmaz əmlak imperiyası qurduqdan və hökumətlə yaxın münasibətlər formalaşdırdıqdan sonra yüksək vəzifəli çinli rəsmilər tərəfindən korrupsiyada ittiham edilib. O, 2017-ci ildə ölkədən qaçaraq ABŞ-yə sığınıb.
ABŞ-də özünü Çin Kommunist Partiyasının tənqidçisi kimi təqdim edən Quo Venqvi qısa müddətdə sosial şəbəkələrdə geniş izləyici kütləsi toplayıb. Bildirilir ki, o, müxtəlif vaxtlarda Miles Guo və Ho Wan Kwok adlarından da istifadə edib.
Prokurorluğun məlumatına əsasən, Quo Venqvi 2018–2023-cü illər ərzində investisiya və kriptovalyuta layihələri adı altında onlayn izləyicilərindən 1 milyard ABŞ dollarından çox vəsait cəlb edib.
İstintaqın müəyyən etdiyi faktlara görə, o, tərəfdarlarından topladığı pulları dəbdəbəli həyat tərzinə xərcləyib. Bu xərclər arasında dəbdəbəli malikanə, dəyəri 1 milyon ABŞ dolları olan Lamborghini markalı avtomobil və 37 milyon ABŞ dolları dəyərində yaxta da yer alıb.











