İndoneziyada güclü ZƏLZƏLƏ
İndoneziyanın Şimali Maluku əyalətinin Tobelo bölgəsi sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Tobelo bölgəsinin qərbində yerləşib. Yeraltı təkanlar təxminən 120,9 kilometr dərinlikdə baş verdiyindən sunami təhlükəsi elan edilməyib.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin dağıntılar barədə rəsmi məlumat verilməyib. Hazırda aidiyyəti qurumlar bölgədə monitorinq və qiymətləndirmə işlərini davam etdirirlər.
Qeyd edək ki, Sakit okeanın "Odlu Halqası" üzərində yerləşən İndoneziya dünyanın ən aktiv seysmik zonalarından biridir. Ölkədə il ərzində tez-tez zəlzələlər baş verir, bəzi hallarda güclü təkanlar və sunamilər ciddi insan və maddi itkilərə səbəb olur.












